“Murov qartalı” Ağdamda - FOTOLAR

Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quzanlı qəsəbəsindəki Mədəniyyət sarayında ötən ilin aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı plokovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı” kitabının təqdimat məqrasimi keçirilib.

 

Lent.az xəbər verir ki, mərasimin aparıcısı - “Azərbaycan bayrağı” ordenli keçmiş döyüşçü, Əməkdar jurnalist Baxşeyiş Abbasoğlu Qarabağ müharibəsində ağdamlıların göstərdikləri hünər və şücaətdən söz açıb, bu torpağın igid övladlarının qəhrəmanlıq salnaməsinə Raquf Orucovun adının əbədi həkk olunduğunu qeyd edib. Onun ömür yoluna, hərbçi taleyinə  işıq salan “Murov qartalı” kitabının yüksək peşəkarlıqla qələmə alındığını, bu sanballı nəşrin gənclərin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında təsirli rol oynayacağını bildirib.

 

Tədbirdə Raquf Orucovun döyüş yoldaşı Cahid Quliyev, orta məktəb müəllimi Kifayət Cümşüdova, keçmiş komandiri, ehtiyatda olan mayor Rasim Fərşidov, Qarabağ müharibəsi veteranı, rayon polis şöbəsinin rəisi polkovnik Elçin Qasımov çıxış ediblər. Qəhrəman zabitin həyatının müxtəlif dövrlərinə aid səmimi və maraqlı xatirələrini danışan natiqlər onun mərdlyini və vətənpərvərliyini səciyyələndirən konkret fakt və hadisələrdən söz açıblar.

 

Kitabın müəllifləri – tanınmış jurnalistlər Elşən Əliyev və Elxan Salahov isə çıxışlarında qeyd ediblər ki, Raquf Orucov peşəkar kəşfiyyatçı kimi müasir hərb tariximizdə özünəməxsus yer tutur, onun şəhidliklə başa çatan, qəhrəmanlıqlarla dolu şərəfli zabit ömrü Vətənə, xalqa, dövlətə sədaqətli xidmətin bariz təcəssümüdür. Natiqlər kitabın hazırlanmasına və nəşrinə hərtərəfli dəstək verən “Azman holdinq”in tərkibindəki “Azİmport” şirkətinə minnətdarlıqlarını bildirib, xüsusən, şirkətin əməkdaşları İlham Əhmədovun və Xanlar Məmmədovun materialların toplanmasından ta nəşrin kompüter tərtibatına və çap prosesinədək bütün mərhələlərdə müəlliflərə faydalı məsləhətləri ilə yardımçı olduqlarını vurğulayıblar. “Bu kitab əfsanəvi kəşfiyyatçı və əsil döyüş zabiti Raquf Orucov haqqında gələcəkdə yaranacaq iri həcmli bədii əsər və filmlər üçün ilkin mənbə ola bilər”, - deyən müəlliflər torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda mübarizədə mühüm mənəvi-ideoloji əhəmiyyət daşıyan belə yaradıcılıq nümunələrinə ehtiyac olduğunu bildiriblər.

 

Qəhrəman şəhidin qardaşı Zabil Orucov və həyat yoldaşı Sevinc xanım əzizlərinin xatirəsinə göstərilən hörmət və ehtirama görə Ağdam rayon rəhbərliyinə və ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlətimizin və cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdən razılıqlarını ifadə ediblər.

 

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov öz çıxışında şəhidlik zirvəsinin ən yüksək məqam olduğunu qeyd edib, Qarabağ müharibəsində ağdamlıların göstərdiyi qəhrəmanlıqlardan danışıb, igid komandir, əsil xalq qəhrəmanı Raquf Orucovun şərəfli həyatının təkcə gənc həmyerliləri üçün deyil, bütün ölkə gəncləri üçün  örnək olduğunu vurğulayıb. Natiq Ali Baş Komandanın rəhbərliyi ilə  xalqımızın qəhrəman övladlarının, yüksək döyüş qabiliyyətinə malik ordumuzun işğal altındakı torpaqları tezliklə azad edəcəklərinə əminliyini bildirib.

 

Tədbirin sonunda ağdamlı məktəblilər şəhid polkovnik-leytenant Raquf Orucova həsr edilmiş şeirlər söyləyiblər, qəhrəmana həsr edilmiş videofiilm nümayiş etdirilib.

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>