İslamiada: Cüdoçularımız fərdi yarışları 13 medalla bitirdilər

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edib. Apasport.az saytının məlumatına görə, idmançıların fərdi mübarizəsində 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

 

81 kq, 90 kq, 100 kq, +100 kq çəki dərəcəsində kişilər və 70 kq, 78 kq, +78 kq çəki dərəcələrində qadınlar güclərini yoxlayıblar. Bu çəkilərdən 3-də 4 idmançı ilə təmsil olunan Azərbaycan millisi 4 medal qazanıb.

 

Kişilər

90 kq

Bu çəkidə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edir. 1/4 finaldan yarışa start verən cüdoçumuz Mixail Marçitanla (BƏƏ) üz-üzə gəlib. Təmsilçimiz tatamini qalib kimi tərk edib. Yarımfinalda türkiyəli Batuhan Efemgilə də heç bir şans verməyən Mehiyev finala adlayıb. Onun həlledici görüşdəki rəqibi Abderrahman Benamadi (Əlcəzair) olub. Cüdoçumuz döyüşün əvvəlini zəif keçirsə də, sonda özünü toparlaya bilib. Bu isə onun çempionluğu ilə nəticələnib.

 

100 kq

Dünya və Avropa çempionumuz Elxan Məmmədov da yarışa uğurla başlayıb. Səudiyyə Ərəbistan idmançısı Sultan Mania səddini keçən həmyerlimiz yarımfinalda qazaxıstanlı Viktor Demyanenko ilə güləşib. Bu görüşdən də üzüağ çıxan Məmmədov finalda oynamaq hüququ qazanıb.

 

Elmar Qasımovun da ilk sınağı 1/4 finala təsadüf edib. Olimpiya mükafatçımız Əli Ərdoğanla (Türkiyə) qüvvəsini sınayıb və ipponla qalib gəlib. Yarımfinalda əlcəzairli Lyes Bouyakubla münasibətinə aydınlıq gətirən Elmar onu da məğlub edə bilib. Qasımov finalda komanda yoldaşı Elxan Məmmədovla güləşib. Azərbaycan duelindən son Avropa çempionatından olduğu kimi bu dəfə də Məmmədov qalib ayrılıb. Dünya çempionumuzun qızıl medal qazandığı İslamiadada Qasımov ikinci yerlə kifayətlənib.

 

Qadınlar

+78 kq

Ölkəmiz adına ilk yarışa qatılan İrina Kindzerska yarımfinala çıxmaq üçün toqolu Noelin Koro və əlcəzairli Sonia Assela ilə dairəvi sistemlə mübarizə aparıb. Hər iki rəqibinə ipponla qalib gələn Kindzerska finala yüksəlib. O, həlledici görüşdə türkiyəli Kayra Sayıtla münasibətlərinə aydınlıq gətirib. Döyüş qonşu ölkə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

 

Beləliklə, cüdo üzrə fərdi yarışlar başa çatıb. Yığmamız İslamiadanı 6 qızıl və 7 gümüş medalla bitiriblər. Sabah isə cüdoçular komanda yarışında üz-üzə gələcəklər.

 

Qeyd edək ki, cüdoçuların fərdi mübarizəsinin ilk günündə kişilərdən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.

 

Qadınlardan isə Erdenebat Bazarraqça (48 kq) hamıdan güclü, Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) isə ikinci olub.

LENT

25 May 2017

Digər xəbərlər >>>