59
16:07
24 Yanvar 2017

"Qarabağ"ın hücumçusu Türkiyəyə transfer olub

“Qarabağ”ın hücumçusu Reynaldo karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az xəbər verir ki, bu barədə məlumatı qonşu ölkənin “ajansspor.com” saytı yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı forvard Superliqa təmsilçisi “Adanaspor”la, nəhayət ki, ortaq məxrəcə gəlib. Baş məşqçi Levent Şahinin israrla heyətində görmək istədiyi 27 yaşlı oyunçu klubla hərtərəfli anlaşıb. Lakin transferin detalları barədə məlumat verilməyib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə əməkdaşımızla söhbətində bu məsələnin aktual olmadığını bildirib: "Reynaldo dünən komanda ilə birlikdə Bakıya qayıdıb. Hazırda kollektivlə birlikdə məşqlərdə iştirak edir. Yəni onun transferi məsələsi gündəmimizdə deyil".

Qeyd edək ki, Reynaldo bu mövsüm “Qarabağ”ın heyətində 21 oyunda iştirak edib, 6 qola imza atıb.