47
14:24
24 Yanvar 2017

Azərbaycanla İran gömrükçüləri "bir pəncərə" sisteminə keçir

Azərbaycanla İran gələn aydan gömrükdə "bir pəncərə" sisteminin tətbiqinə başlayacaq. Bunu APA-nın Tehran bürosuna eksklüziv açıqlamasında İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasian deyib.

Hər iki ölkənin gömrük xidmətləri arasında bununla bağlı müvafiq sazişin imzalandığını xatırladan M. Kərbasian qeyd edib ki, "bir pəncərə" sisteminin tətbiqi ilə adıçəkilən qurumlar məlumat mübadiləsini elektron formada həyata keçirəcək: "Bu sistemin tətbiqi bizə nə verəcək? Onun tətbiqi hər iki qurumun işlərini sürətləndirəcək, gözləmə müddətini azaldacaq. Bundan başqa, bir ölkənin qurumu yoxlama işlərini həyata keçirdikdə, digər ölkənin qurumu tərəfindən bu işlərin aparılmasında zərurət qalmayacaq. Beləliklə, biz xeyli vaxta qənaət edəcəyik. Bununla yanaşı, bu sistem gömrük sahəsində qanun pozuntusu halları ilə mübarizəni daha da effektiv edəcək. Proqrama əsasən, gələn ay bu sistemin tətbiqinə başlanılacaq. Hazırda ikitərəfli görüşlər davam etdirilir, bəzi detallar dəqiqləşdirilir. Biz bu sistemi Türkiyə ilə birgə tətbiq etmişik. Lakin Azərbaycanla birgə tətbiq etdiyimiz sistem daha təkmil formadadır".