82
10:56
24 Yanvar 2017

Maşallah Əhmədov son sözdən İMTİNA ETDİ

Dələduzluqda təqsirli bilinən sabiq futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi keçirilən prosesdə M.Əhmədov son söz deməkdən imtina edib.

M.Əhmədov bildirib ki, zərərçəkmişlərin pulunu ödəmək üçün ona vaxt verilsin "Günün birinci yarısına qədər işi həll edəcəm. Mənə vaxt verin. Sabaha qədər 50 min manat verə bilərəm. Qalan məbləği isə 2 illik maaşımı verəcəm. Allaha and olsun ki, ondan bir qəpik də pul almamışam. Pul daşlara qoyulub".

Yusif Əzizov 128 min manat pulunu tələb edib: "Mən ona vaxt verərəm. Amma şərtim budur ki, evini girov qoysun, ona razıyam. Lakin Maşallah Əhmədovun təklifi ilə razı deyiləm. Mən öz şəxsiyyətimi və qürurumu həmin puldan üstün tuturam. 1000 gündür mən ona yalvarıram ki, pulumu qaytar".

Məhkəmə Maşallah Əhmədova yarım saat vaxt verib. Xatırladaq ki, prokuror çıxışında sabiq futbolçu Maşallah Əhmədova 9 il cəza və barəsindəki ev dustaqlığının ləğv edilməsini istəyib.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb. Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.