36
12:17
19 Yanvar 2017

Bakıda taksilər harda dayanmalıdır? - REPORTAJ

Xarici ölkələrdə taksilər üçün ayrıca avtomobillərin parklanma yerləri olur. Qanuni şəkildə bunlar avtomobil dayanacağında dayanır. Taksilər növbə ilə qanuni şəkildə öz xidmətlərini göstərirlər.

Dünya ölkələrinin praktikasına nəzər salsaq, görərik ki, taksi sürücülərinin fəaliyyətini tənzimləmək üçün xüsusi avtodayanacaqlar var. Bu isə taksilərin rahat fəaliyyətinə şərait yaratmaqla yanaşı, tıxacların da qarşısını alır. Ancaq təəssüflər olsun ki, ölkəmizdə bu problemlər hələ də öz həllini tapmayıb. Bakı şəhərində 160 taksi dayanacağı olmasına baxmayaraq, onlardan cəmi 79-u sənədləşdirilərək taksi sürücülərinin ixtiyarına verilib.

Baş çəkdiyimiz bəzi ərazilərdə taksi nişanları qoyulsa da, bir çox yerlərdə buna rast gəlmədik. Məhz bu səbəbdən taksilər istənilər yerdə avtomobillərini saxlamağa məcbur olur. Bu isə öz növbəsində nəqliyyatın sıxlığına gətirib çıxarır. Bu hallar daha çox ticarət mərkəzlərinin qarşısında yaşanır.

Ticarət mərkəzinin qarşısındayıq. Burada heç bir taksi nişanı yoxdur, ancaq buna baxmayaraq, taksi sürücüləri öz avtomobillərini saxlayıblar.

Paytaxt sakinləri də taksi dayanacaqlarının vacib olduğunu deyirlər: "Yolda sıxlıq yaradır, yaxşı deyil dayanması. Avtobuslara da mane olur".

Metronun "28 May" stansiyası yaxınlığındakı ticarət mərkəzlərinin qarşısında taksi nişanlarının olmasına baxmayaraq, sürücülər həmin nişanla dayanma durma nişanı arasındakı məsafənin azlığından narazıdırlar:

- Elə bil dayanma-durma məsafəsi hədsiz dərəcədə az məsafəni təsir qüvvəsində saxlayır. Biz istəyərdik ki, dayanma-durma nişanını bir az uzatsınlar. Biz elə bil ki, növbə ilə keçirik o tərəfə.

- Şəhərdə 20 minə yaxın taksi var. Amma taksi nişanı azdır. Taksilərə də Milli Məclisdə fikirləşməmiş qərar çıxarırlar ki, dayanma-durma olmayan yerdə 40 manat cərimə. Bu qədər taksi harada dayansın bəs? Nişanı da səhv ediblər, 4 taksi dayana bilir. Durmağa yer yoxdur.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, qurum paytaxtın nəqliyyat sistemi ilə bağlı müəyyən təhlillər, analizlər aparır. O əlavə edib ki, hazırda istifadə edilməyən 81 taksi dayanacağı ilə bağlı sənədləşdirmə işi aparılır, bir müddətdən sonra sürücülərin istifadəsinə veriləcək: "Taksi dayanacaqları salınarkən həmin dayanacaqlar olduqları ərazidə digər nəqliyyat vasitəsinin hərəkətinə maneçilik, sıxlıq yaratmamalıdır".

Mais Ağayev deyib ki, ilkin hesablamalara görə, Bakı şəhərində təxmini 15-16 min taksi xidməti kimi fəaliyyət göstərən nəqliyyat vasitəsi var. Sıxlıq ən çox bundan yaranır. O bildirib ki, bu məsələlər də gələcəkdə tənzimlənəcək.