36
11:03
19 Yanvar 2017

"Orda gömrük əməkdaşlarına qarşı tərbiyəsizliklər baş verir"

“Gömrük orqanlarında müəyyən kadr çatışmazlığı məsələsi var. Sərhəd keçid məntəqələrində və hava nəqliyyatında peşəkar kadrlara ehtiyac duyulur".

Lent.az xəbər verir ki, bunu Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O, sərhəd keçid məntəqələri ilə bağlı yaranan vəziyyəti əks etdirən görüntülərə də toxunub: “Bəzi sərhəd keçid məntəqələri sutka ərzində işləmir. Astara və Biləsuvarda müəyyən sıxlıqlar yaranır və bu, 40-45 dəqiqə davam edir. Bu vəziyyətdə istifadə edən bəzi vətəndaşları ailələri ilə birgə səhər saatlarında İrana və ya Gürcüstana keçib tapşırıqla bazarlıq edəndən sonra eyni vaxtda qayıdırlar və sıxlıq yaradırlar. "Sınıq Körpü"də sıxlıq yaranması da daim eyni istiqamətə və geriyə eyni adamların keçməsi ilə bağlıdır. Bəzi hallarda insan ordakı görüntüləri sayta qoymağa da utanır. Orda gömrük əməkdaşlarına qarşı tərbiyəsizliklər, avadanlıqların sındırılması kimi hallar baş verir. Azərbaycandan Gürcüstana gedənlərin özləri ilə bir kirbit çöpü apardığını görmüsünüzmü? Amma geri qayıdanda bazarlıq edib gəlirlər. Əvvəllər hər vətəndaşın 1500 dollarlıq bazarlıq etməsinə, gündəlik 50 kq yük gətirməsinə, 3 blok siqaret keçirməsinə icazə verilirdi. Bunların şəxsi tələbat üçün gətirilməsinə icazə verirdik. Kim gündə 3 blok siqaret çəkir? 2 litr spirtli içki ölümcül doza hesab edilir. Bizdə gündə 3 litr norma idi. Elə adam vardı ki, gündə 4-5 dəfə keçib qayıdırdı, hər dəfə də özü ilə 50 kq yük gətirirdi. Amma indi vəziyyət yavaş-yavaş normallaşır”.