38
11:43
18 Yanvar 2017

Azərbaycanda uşaqlar 11 xəstəliyə qarşı peyvənd edilir

2016-cı ilin aprel ayından respublikanın bütün şəhər və rayonlarında üçvalentli OPV vaksininin istifadəsi dayandırılıb, ikivalentli OPV vaksininin istifadəsinə başlanılıb.

Lent.az -ın məlumatına görə, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bu gün keçirilmiş mətbuat konfransında deyib ki, 2016-cı il ərzində respublika üzrə uşaqların profilaktik peyvəndlərlə əhatə səviyyəsi qənaətbəxş olub.

Yenidoğulmuşların vərəm əleyhinə BCG peyvəndi ilə əhatə olunması 97,8%, HepB peyvəndi ilə 98,0%, poliomielit əleyhinə (OPV0) 97,8%, 1 yaşa qədər uşaqlar arasında göyöskürək, difteriya, tetanus, b tipli hemofil infeksiya və hepatit B əleyhinə pentavaksinlə (GDTHibHepB3) 95,6%, poliomielit əleyhinə (OPV3) peyvəndi ilə 97,6%, pnevmokok əleyhinə peyvəndlə 96,5%, qızılca-parotit-məxmərək əleyhinə peyvəndlə əhatəsi 97,9% təşkil edib.

A. Əliyeva bildirib ki, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində aparılmış səmərəli profilaktik və əksepidemik tədbirlərin həyata keçirilməsi, ələlxüsus, profilaktik peyvənd işlərinin ən müasir tələblər səviyyəsində təkmilləşdirilməsi nəticəsində idarəolunan xəstəliklərdən 1995-cı ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək, 2016-cı ildən epidemik parotit xəstəlikləri qeydə alınmayıb, tetanus xəstəliyi isə tək-tək hallarda qeydə alınıb. Hepatit B əleyhinə 2001-ci ildən tətbiq edilən profilaktik peyvənd nəticəsində uşaqlar arasında son illərdə bu xəstəliyin dinamik azalması müşahidə olunur. Ölkəyə daxil olan preparatların ÜST-ün prekvalifikasiyasını keçmiş vaksinlər olduğunu vurğulayan A. Əliyeva deyib ki, respublikada peyvəndlərlə idarə olunan yoluxucu xəstəliklərin qarşısının alınması tədbirlərinin daha da gücləndirilməsi məqsədilə son illər əlavə immunlaşdırma tədbirləri tətbiq edilir: “2007-ci ildən başlayaraq hər il aprel ayında Avropa İmmunlaşdırma Həftəsinə qoşularaq ölkədə bu tədbirin keçirilməsi, 2015-2016-cı illərdə risk qrupuna aid olan tibb işçilərinin B hepatiti əleyhinə peyvənd olunması, 2015-ci ilin oktyabr-noyabr aylarında poliomielitə qarşı əhatə səviyyəsi 95%-dən aşağı olan rayonlarda əlavə immunlaşdırma tədbirlərinin aparılması, 2014-cü ilin oktyabr ayında qızılca və məxmərəyə qarşı, 2015-2016-cı illərdə miqrasiya edən böyük yaşlı əhali arasında qızılca və məxmərəyə qarşı əlavə immunlaşdırma tədbirləri aparılıb”. Direktor müavini onu da vurğulayıb ki, son 5 il ərzində profilaktik peyvənd təqviminə yeni peyvəndlər daxil edilib: “ 2011-ci ilin iyul ayından B tipli hemofil infeksiyaya qarşı, 2013-cü ilin dekabr ayından pnevmokok əleyhinə, 2016-cı ilin fevral ayından inaktivləşdirilmiş poliomielit vaksinlərinin tətbiq edilməsi bu gün Azərbaycanda uşaqların inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 11 xəstəliyə qarşı peyvənd edilməsini təmin edib”. “2016-cı il ərzində vaksinlərin etibarlı saxlanması məqsədi ilə “soyuq zəncir” sistemi gücləndirilib. Peyvənd saxlanılan anbarlarda temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatı həyata keçirilib. Peyvəndlərin və digər peyvənd materiallarının bu sistemin tələbləri daxilində yerlərə mərkəzləşdirilmiş qaydada daşınması təmin edilib”, -deyə A. Əliyeva əlavə edib.