41
14:54
17 Yanvar 2017

Qarabağ əlili: "Balalarımı səslərindən, boylarından tanıyıram" - REPORTAJ

Elşən Süleymanovun 41 yaşı var. Əslən Laçın rayonundandır. Amma Xankəndində böyüyüb boya-başa çatıb. Qarabağ münaqişəsinin ilk illərində əvvəlcə valideynləri ilə birgə Xankəndindən Ağdama pənah gətiriblər. Daha sonra isə Xankəndində yaşayan digər həmvətənlərimizlə birgə Xocalıya köçüblər.

Deyir ki, Qarabağ müharibəsinin ilk illərində Xocalı şəhərində məskunlaşıb. Yeniyetməlik dövrünü də məhz o şəhərdə keçirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi zamanı 12 gün qarlı-şaxtalı qış fəslində Ağdama çatanadək meşədə gizləniblər: "Orda qaçhaqaç gecəsi ağır xəsarət aldım. Sağ və sol əllərimin iki barmağı sıradan çıxıb. Boynumun arxasından aldığım zərbə nəticəsində özümü hiss etməmişəm. Ondan sonra gözlərimin işığını itirmişəm. 12 gün meşədə gecələyən Xocalı sakinlərindən biri də mən olmuşam".

Elşən Süleymanov o gecədən sonra gözlərinin işığını itirib. Bundan sonra Bakıya pənah gətirən Elşənin gözləri iki dəfə əməliyyat olunsa da, uzun illərdir dünya işığından məhrumdur: "İran İslam Respublikasının Təbriz şəhərində gözlərimin müalicəsinin mümkünlüyünü deyirlər. Gözüm torlu qişanın partlaması nəticəsində tutulub. Qopmayıb, partlayıb. Mütəxəssislər bilir, gözün torlu qişası gözün görən pərdəsi deməkdir. Bunun Təbrizdə müalicəsi var".

Birinci qrup Qarabağ əlili olan həmsöhbətim ailəlidir. İki övlad atasıdır. Amma bu günədək övladlarının üzünü görməyib: "Mənim böyük oğlumun 9 yaşı var. Bu günə kimi balalarımın üzünü belə görməmişəm. Onları səslərindən, boylarından tanıyıram. İmkanlı insanlara, Allahı sevən mömin bəndələrə üzümü tutub xahiş edirəm. Kömək etsinlər, gözlərim əməliyyat olunsun. Heç olmasa, bir gözümlə də olsa, övladlarımın üzünü görüm".

Hazırda Masazır qəsəbəsindəki "Zəngilan" şəhərciyində məskunlaşan ailə bu gün Elşənin aldığı əlillik pensiyasının ümidinə dolanır. 253 manat pensiya ilə dolanan ailənin xanımı işləmir. Övladları balaca olduğundan, onların təlim-tərbiyəsi ilə məşğuldur.

Ailənin böyük övladı Muradın 9 yaşı var. Elə atasının gəzməyinə də dərslərini hazırlayandan sonra Murad kömək edir. Deyir ki, balaca qardaşını da məktəbə özü aparır. Ev işlərində də anasına yardımçı olan Murad hərdən dükan-bazara da qaçır. Bizim gəlişimizdən sevindiyini deyən balaca qəhrəmanın arzuları daha böyükdür: "Məktəbi sevirəm. Dərslərmi də yaxşı oxuyuram. Göz həkimi olmaq istəyirəm atamın gözlərini açmaq üçün".

İndi Süleymanovlar ailəsinin bir arzusu var - Elşənin gözlərinin işığı bərpa olunsun. Elə bu ümidlə yaşadıqlarını deyən ailə üzləri hər gün Allaha dua etdiklərini və imkanı çatan həmvətənlərimizdən kömək gözlədiklərini deyirlər.