46
12:12
16 Yanvar 2017

Məhkəmə Əli Kərimlinin köməkçisi barədə qərar verdi - TƏMİN EDİLMƏSİN

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Lent.az -a bu barədə vəkil Aqil Layicov məlumat verib.

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib. Nəsimi rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb..

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində F.Əmirlinin barəsində seçilmiş həbs-qətimkan tədbiri iki ay müddətinə uzadılıb.

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi,sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.