50
11:51
06 Yanvar 2017

Uşaqlarda beyin şişləri nədən yaranır? - REPORTAJ

“Uşaqlarda limfoma və leykozdan sonra 3-cü yerdə olan problem beyin şişləridir. Bədən şişləri arasında isə bu, 20% təşkil edir”. Bu fikirləri APA TV-yə açıqlamasında neyrocərrah Vüqar Mirzəliyev uşaqlar deyib.
Onun sözlərinə görə, uşaqlarda beyin şişləri daha çox arxa kəllə çuxurunda əmələ gəlir. Bu problemin son dövrlərdə geniş yayılması haqqında təsəvvürlər yanlışdır. Uşaqlarda beyin şişlərinə hər zaman rast gəlinib. Sadəcə, son illər informasiya mübadiləsi intensiv inkişaf etdiyindən, bu barədə məlumat alanların sayı çoxalıb.
Neyrocərrah bildirib ki, uşaqlarda beyin şişlərinin yaranma səbəbləri tam olaraq araşdırılmayıb. Sadəcə, bəzi ehtimallar var: “Ətraf mühit faktorları - radiasiya, qidalanma, eyni zamanda irsi meyllilik, yəni genetik mutasiyalar da səbəb ola bilər. Bətndaxili dövrdə qəbul olunan dərmanlar, şüalanmaya məruz qalmadan da yarana bilər. Araşdırmalar davam edir”.
Əlamətlərə gəlincə, beyin şişləri yerləşdiyi yerdən asılı olaraq simptomları fərqli olur. Körpə uşaqlarda ardıcıl qusma halları, şişə bağlı olaraq su yollarının bilavasitə tıxanması nəticəsində kəllənin həcminin böyüməsi, dolayısı ilə kəllədaxili təzyiqin artması, əgər uşaq gəzməyə başlayıbsa, qəfil hərəkət pozğunluğunun yaranması ilkin siqnallardır: “Bu simptomları sıraladıqda hər bir uşaqda gedişat fərqli olur. Baş ağrısı, ürək bulanma, qusma, hərəkət pozğunluğu, göz hərəkətinin pozulması, görmənin, eşitmənin pozulması, ətraflarda hərəkət məhdudiyyəti, yuxuya meyllilik, başın həcminin artması, eyni zamanda qıcolma kimi şikayətlər olar bilər. Bu əlamətlər müşahidə olunduğu halda, həkimə müraciət etmək lazımdır”.
Beyin şişləri bətndaxili dövrdə aşkar oluna bilər. Ultrasəs müayinəsi zamanı beynin inkişafına diqqət yetirilir. Hər hansı dəyişiklik müşahidə olunarsa, şişə bağlı hidrosefaliya, beyindaxili təzyiq yaranarsa, ginekoloqların nəzərindən qaçmır. Bu zaman ginekoloqlar dərhal neyrocərraha müraciət etməyi məsləhət görürlər.
Vüqar Mirzəliyev beyin şişlərinin 7 yaşdan aşağı uşaqlarda daha çox müşahidə olunduğunu bildirib. Üstəlik, bu dönəmdə şişlərin inkişafı təəssüf ki, daha intensiv olur. Şişin inkişafından, mənşəyindən asılı olaraq, yaşama göstəricisi 50-60%-dir: “Aqressiv şişlər 1, yaxud 3 ay müddətində təkrar yarana bilər. Önəmli olan cərrahi radikallıq, yəni şişin tam götürülməsidir. Əgər bir qisim qalarsa, təkrar inkişaf edə bilər. Əgər əməliyyat mümkündürsə, təbii ki, bu yolla müdaxilə olunur. Digər metodlardan isə şüa terapiyası və kimya terapiyası aparılır. 3 yaşdan aşağı uşaqlara radioterapiyanı məsləhət görmürük. Çünki inkişaf qüsurları yarada bilər. Bu dönəmdə daha çox kimya terapiyası və cərrahi müdaxilə məsləhət görülür”.
Vüqar Mirzəliyev əlavə edib ki, hər bir cərrahi müdaxilədə risk var. Önəmli olan problemin zamanında aşkarlanması və müalicəyə başlanmasıdır. Diaqnozun zamanında qoyulması hər bir halda fayda verir. Bunun üçün həm də məlumatlı olmaq lazımdır.