28
16:35
07 Dekabr 2016

"Pul almışam, boynuma alıram" - "Rabitə işi"nin məhkəməsindən - YENİLƏNİB

Günün ikinci yarısında keçirilən prosesdə Emin Məmmədov ifadəsini davam etdirib: “Ömrümdə ilk dəfədir ki, bu cür kürsüdə danışıram. Bəzi şeyləri sizin kimi hüquqi müstəvidə danışa bilmirəm. Ümumiyyətlə, istintaq hesablamalarda qiymətləri şişirdib. Kabelin qiyməti 2014-cü ildə daha ucuz idi. Devalivasiyadan sonra qiymətlər qalxdı. Azərbaycanın elə şəhəri yoxdur ki, orada çalışmayım. Çalışdığım insanların hamısını öz ailəm bilmişəm. Elə olurdu, iş olmurdu, cibimdən maaş verirdim. Onların uşaqları, təhsilləri, səhiyyəsi ilə məşğul olmuşam. Hətta onları ailəliklə Antalyaya istirahətə də göndərmişəm".

Emin Məmmədov prokurorun suallarını cavablandıran zaman qeyd edib ki, Beytulla Hüseynov hər ay ona 2 min manat paket verib: "Lahiyyələr üzrə işlər aparılırdı. Şikətin mənfəəti ilə bağlı pulları Beytullaya verirdim. O da hər ay mənə maaşımdan əlavə 2 min pul verirdi. Ümumi qazancım 5 min manat cıvarındaydı. İttihamda göstərilir ki, Beytulla Hüseynovla 2 milyon 300 min pul mənimsəmişəm, hətta o pulun guya 1 milyonu mənə çatıb. Bu, yanlışdır. Pul almışam, bunu boynuma alıram, vergimi ödəmişəm. Ümumilikdə 80 faiz şişirtmə var. Bizim səhvimiz ondan ibarət olub ki, tikinti işlərinə gərək nazirlikdən rəhbərlik edərdilər. Ən azı nazir müavini səviyyəsində biri bu işlərə nəzarət etməliydi".

Vəkillərin suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, rəhbəri olduğu müəssisəyə gələn pullar həm materiallardan, həm də görülən işlərdən cəlb edilirdi: "Hətta gedib kabelləri xarici ölkələrdən baha alıb, vergisi az olsun deyə ucuz göstərirdik".

Məhkəmə prosesi dekabrın 9-a təyin edilib.

**

13:19

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.



Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-in baş mühasibi Sərhab Hümbətov ifadə verib.

O, ifadəsində 2010-cu ildən həmin müəssisədə çalışdığını, aylıq 400 manat əməkhaqqı aldığını deyib: "Müqavilə əsasında işləmişəm. Heç yeyintidə iştirakım olmayıb. Şirkətin işi əsasən qovşaqlarda aparılan təmir tikinti işləri olub. Mən yalnız uçot aparmışam. Hesabatların hamısı hazır sənədlər əsasında gedirdi. Malı ancaq rəhbərlikdən tərəfindən alınır. Bütün nəzarət Namazəli müəllim tərəfindən aparılırdı. Müəssisədə əvvəllər 64 nəfər əməkdaş olub, sonradan 49 nəfərə qədər endirilib"

Baş müsahib ifadəsində onu da qeyd edib ki, istintaq ona 31 min 200 manat mənimsəmə ittihamı verib: "Mən heç zaman pul mənimsəmişəm. Qızım xəstədir, bahalı dərmanlar alınmalıydı. Ona görə Namazəli müəllimə müraciət etmişəm. O, da sağolsun şəxsi hesabından mənə köməklik göstərib. Eləcə də, deyirlər ki 6 milyon 900 min manat mənimsəməyə cəhd eləmişəm. Elə bir cəhddən söz gedə bilməz. Məni burda mütəşəkkil dəstənin üzvü ediblər. Mən Namazəli müəllimdən başqa heç kimi tanımamışam".

Təqsirləndirilən şəxs vəkillərin suallarına cavab olaraq bildirib ki, Rabitə Nazirliyinin həbslərə qədər müəssisəyə xeyli borcu var: "İşlər görülürdü, sonradan pul verilirdi. Biz həbs olunana qədər Rabitə Nazirliyinin müəssisəmizə 16 milyon borcu vardı".

Çarpaz dindirilmə zamanı Namazəli Məmmədov bildirib ki, Sərhab Hümbətov yalnız hazır sənədlərlə çalışıb: "O heç var pulla əlaqəsi olmayıb. Ancaq sənəd işləri ilə məşğul olurdu. Ona yalnız qızı xəstə olduğundan xeyriyyəçilik niyyəti ilə şəxsi hesabımdan 10 min manat yardım eləmişəm".

Sərhab Hümbətov istintaqa verdiyi ifadəni təsdiqləyib. Vəkillər bildirib ki, onun istintaq ifadəsi ilə məhkəmədə danışdıqları arasında ziddiyyət var.Buna görə onun istintaqa verdiyi ifadə elan edilib.

O, istintaq ifadəsində bütün göstərişləri Namazəli Məmmədovdan aldığını deyib. Bildirib ki, sənədləşmə və pul köçürülmə işini görüb, amma malların qəbulunda iştirak etməyib. O, əlavə edib ki, malların qiymətləndirilməsi təxmini hesablanma ilə aparıb.
Səhrab Hümbıtov qeyd edib ki, cəmiyyətin kassasında olan pullar Namazəli Məmmədovun öhdəsində olub. O, həmçinin ifadəsində qeyd edib ki, Namazəli Məmmədov qızının müalicəsi üçün şəxsi hesabından 10 min manat verib, əlavə haqq almayıb.O bildirib ki, pulun bank hesabından çıxarılması barədə heç bir imzası olmayıb. Vidadi Məmmədov və Məhəmməd Məmmədovu şəxsən tanımayıb: "Vidadi Zeynalovu ilk dəfə burada görmüşəm"

Prosesdə bundan başqa “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru olmuş Emin Məmmədov ifadə verib.

Emin Məmmədov ifadəsində respublikada görülən quruculuq işindən danışıb.
Təqsirləndirilən şəxs daha sonra optik rabitənin qurulması üçün xəndəklərin qazılmasından, kabellərin çəkilməsindən, həmçinin buna çəkilən xərclərdən söz açıb. Qeyd edib b ki, kabellərin çəkilməsi böyük xərclər tələb edib. Bildirib ki, rabitə dirəyi üçün əsas dirək şam ağacından hazırlanır, həmin ağaclar da qır qazanında düzəldilir. Bildirib ki, dirəyin biri istintaq tərəfindən 70 manat qiymətləndirilib, amma bunların hər biri 250 manata başa gəlib.

O bildirib ki, 70 manata dirək təklif edən şirkət fırıldaqçıdır: "Abşeronda 9 il əvvəl dirək basdırmışıq. Gedin baxın, işimizə qiymət verin. Dirək ən aşağı hədd 50 ilə nəzərdə tutulur. Belə fırıldaqçılar bizim işimizə mane olur. Mən rabitəçiyəm, işimin öhdəsindən yaxşı gəlirəm. Hər ağacdan rabitə üçün dirək hazırlamaq olmaz. O alverçidir, pul qazanır. Mənim gətirdiyim 200 manatlıq dirəyi kənara qoyurlar, onların gətirdiyi dirəkləri istifadə edirlər. Həmin alverçinin gətirdiyi dirəklərdən istifadə etmələri mənim şəxsiyyətimə toxunur. Rabitəçilər içki içən olur. Bu heç kimə sirr deyil. Amma beyinləri işləyir, əlləri qızıldı. Mən içən olmasam da, molla da deyiləm. Şaxtada işləyən fəhlələrimə özüm araq alıb verirdim ki, əlləri donmasın, işlərini görə bilsinlər. İş zamanı 4 işçim dirəkdən yıxılıb, onlardan biri ölüb. Şikəstlərin hamısına indi də pul verirəm".

Proses nahar fasiləsindən sonra davan edəcək.



Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.