30
14:22
05 Dekabr 2016

Azərbaycandan Moldovaya at əti ixrac olunacaq

Azərbaycanın və Moldovanın müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən 2017-ci ildə Azərbaycandan Moldovaya at əti ixrac edilməsi nəzərdə tutulub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ( DBNX) mətbuat xidmətindən Lent.az -a verilən məluymata görə, bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri soyuducu anbar və refrejatorlarla təchiz edilməlidir. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərməlidir.

Bildirək ki, at kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması və soyuducu kameralara yığılaraq Moldova Respublikasına göndərilməsi nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsi ilə Moldova Respublikasına ixrac olunacaq.