48
12:39
28 Noyabr 2016

İlham Əliyev Böyük Britaniya Baş nazirinin elçisini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az -ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson ilə sonuncu görüşünü məmnunluqla xatırladı. Ölkələrimiz arasında əməkdaşlığın genişləndiyini razılıqla qeyd edən Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın enerji sektorundan tutmuş iqtisadiyyatın digər müxtəlif sahələrinədək şaxələndirilməsinin önəmini vurğulayıb. İqtisadiyyatın şaxələndirilməsini ölkəmizin əsas məqsədlərindən biri kimi dəyərləndirən dövlət başçısı xüsusilə neftin qiyməti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bunun mühüm əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyev gələcəkdə dayanıqlı inkişafa yardım edə biləcək sahələrdə ənənəvi tərəfdaşlarımızla daha möhkəm əlaqələrin qurulmasının önəmini qeyd edib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson öz növbəsində Prezident İlham Əliyev ilə son görüşünün uğurlu keçdiyini vurğulayıb. Azərbaycan ilə əməkdaşlığa toxunan qonaq ölkəmizin müvafiq maliyyə qurumları, o cümlədən bankları və fond birjası ilə əlaqələrin qurulduğunu məmnunluqla qeyd edərək London Fond Birjasının Azərbaycan ilə tam tərəfdaşlıq əlaqələri qurulmasında maraqlı olduğunu bildirib. Baronessa Nikolson gələn ilin yazında Londonda Azərbaycanın maliyyə strukturları ilə birgə konfransın keçirilməsini təklif edərək, dövlət başçısının orada iştirakının əhəmiyyətli ola biləcəyini dedi. Dünya şöhrətli memar Zaha Hadidin ölkəmizdə həyata keçirdiyi layihənin uğurlu olduğunu məmnunluqla xatırlayan qonaq gələcəkdə digər layihələrlə bağlı bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.