83
12:08
15 Noyabr 2016

100 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Bakıda 100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, məktəblilərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin çağırışaqədərki hazırlığının yüksəldilməsi məqsədilə təşkil edilmiş “Milli Qəhrəmanlar” guşəsinin açılış mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsi, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Binəqədi rayonu şəhid ailələri və Qarabağ əlilləri təşkilatının nümayəndələri, habelə Binəqədi rayonunda yerləşən məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın Milli Qəhrəmanları Bəxtiyar Allahverdiyev, İntiqam Atakişiyev, Zabit Quliyev, Qarabağ müharibəsi veteranı Mürsəl Qurbanov çıxış edərək Milli Qəhrəmanların döyüş yollarından bəhs edib, gənclərə tövsiyələrini veriblər.

Tədbirdə şagirdlər vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirib və maraqlı rəqs kompozisiyaları nümayiş etdiriblər.