50
10:04
28 Oktyabr 2016

Su bəndinin aşması nəticəsində bağlanan Ələt-Astara yolu açıldı - YENİLƏNİB

Cəlilabadda su bəndinin aşması nəticəsində bağlanan Ələt-Astara magistral yolu açılıb.

Bu barədə APA-nın cənub bürosuna Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətov məlumat verib. O bildirib ki, hazırda aidiyyəti qurumların nümayəndələri ərazidə fəaliyyətlərini davam etdirirlər.

Qeyd edək ki, dünən Ələt-Astara magistralının Cəlilabadın Alar kəndindən keçən hissəsini su basıb və yol bağlanıb. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb.

Hər 2 istiqamətə gedən minik avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə, hərəkətlərini davam etdirə bilir, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

***

19:52

Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindənAPA-ya verilən məlumata görə, bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

Belə ki, hər 2 istiqamətə gedən minik avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə, hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

**

19:29

Cəlilabad rayonunun Cəfərli kəndi ərazisində su bəndi aşıb, nəticədə ətraf ərazini su basıb.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vidadi Dövlətovun APA -nın cənub bürosuna verdiyi məlumata görə, buna intensiv yağışlar səbəbindən suyun səviyyəsinin qalxması səbəb olub.

Hadisə nəticəsində həmçinin Ələt-Astara magistralının rayonun Alar kəndindən keçən hissəsini də su basıb və yol bağlanıb. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə rayonun müvafiq qurumları hərəkətə gətirilib. Ələt-Astara magistralı ilə hərəkət edən nəqliyyat vasitələri üçün rayonun Cəfərli kəndi ərazisindən alternativ yol açılıb.

Hazırda işlər davam etdirilir.

Xatırladaq ki, yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib. Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb.

**

18:39

Cəlilabad rayonunda su bəndi dağılıb.

“Report”un Aran bürosu xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.

Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd dağılıb.

Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir.