35
16:21
24 Oktyabr 2016

15 nəfərin öldüyü dəhşətli yanğınla bağlı ŞOK İFADƏ: "MTN bizdən 300 min istədi" - YENİLƏNİB

Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi barədə məhkəmə prosesi davam edib.

Günün ikinci yarısında təqsirləndirilənlərdən Binəqədi rayon icra başçısının birinci müavini Qəzənfər Novruzov ifadə verib. O, ifadəsində bildirib ki, 2012-ci ildə bu vəzifəyə təyin olunan zaman artıq binanın üzlənmə prosesinə başlanılmışdı:

"İşlər gedən zaman hər hansı bir sənədə qol çəkib-çəkmədiyimi xatırlamıram. Müəyyən işlərə nəzarət edirdim. "Poliuretan" materialların yanğına dözümlü olub-olmadığını yoxlamaq ixtiyarında deyildim. Materialların tərkibi ilə bağlı müvafiq qurumlara məktub yazdıq. Onlar materialların tərkibini yoxlayıb bizə cavab verdilər. Müəyyən sertifikatlar təqdim edildi. Bina üzlənib bitəndən sonra təhvil-təslim zamanı mən səhhətimlə bağlı ölkədə olmamışam. Mənə verilən ittihamlar əsasızdır".

Prosesdə zamində olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemelogiya mərkəzinin direktoru Akif Əlibəyov ifadə verib. O, ifadəsində həmin zaman verdiyi rəyə indi də cavabdeh olduğunu deyib: "Mən "poliuretan" materialının tərkibi ilə bağlı rəy vermişəm. Həmin materiallar zəhərli deyil. Hətta indi uşaq oyuncaqlarının çoxunda bu materiallardan istifadə edirlər. İnsan sağlamlığı üçün zərər deyil. Hətta üstünə çörək də töküb yesən sağlamlığa heç bir ziyan olmaz".

Proses oktyabrın 25-də davam edəcək.

14:46

Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi barədə məhkəmə prosesi davam edib.

Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "QlobalStone” MMC baş direktoru olmuş Ələkbər Əsgərov ifadə verib. O, ifadəsində faciədə ölənlərin ailələrinə baş sağlığı verib. Təqsirləndirilən şəxs bildirib ki, günahsız yerə 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olunub: "Nədə təqsirləndirildiyim, burda olmağımın səbəbi mənə aydın deyil. Mənə ifadə vermək çox çətindir. Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başladıq. Müəssisənin bütün ehtiyatlarının planlanması sistemini qurdum".

Təqsirləndirilən şəxs yanğın günü heç nədən xəbərin olmadığını deyib: "Yanğın baş verən zaman həmin yerə gedəndə tıxaca düşdük. Yollar bağlanmışdı. Ofisə qayıtdıq. Çatanda MTN əməkdaşları içəridəydi. Kompüterləri yığdılar. İşçilərlə danışırdılar. Sonra prokurorluq əməkdaşları da ofisə gəldi. Mən onlarla birlikdə getdim. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev otağa gəldi. Dedi ki, Xətaidə baş verən yanğından sonra rəy hazırlanır. Həmin işlərdə rəyin hazırlanması keçmiş MTN-ə tapşırılmışdı. Bizdən şirkət haqqında müsbət rəy vermək üçün pul istədilər. Məbləğin 300 min manat olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi. Dedi ki, verməsək nə olacaq? Miryusif Mahmudov əlavə etdi ki, bizim gördüyümüz işlər göz qabağındadır".

Digər təqsirləndirilən Uğur Bəşirov ifadə verib. O bildirib ki, 2013-cü ilin iyun ayında "Global Stone" MMC-də direktor kimi işə başlayıb: "Yanğından bir gün sonra prokurorluğa çağırıldım. Orada ifadə verdim. Həmin günün axşamı məni həbs elədilər. Ondan sonra da heç nə soruşmadılar. Yanan bina üçün materiallar hazırlanarkən və göndərilərkən şirkətdə işləmirdim, həmin binaya heç bir aidiyyatım olmayıb. İndi mənə məlum deyil ki, niyə həbs olunmuşam. Fikirləşirdim ki, yaxın vaxta məni azad edərlər. Sonra isə Kürdəxanı təcridxanasına göndərdilər. 1 il məni dindirən olmadı. Sanki varlığımı unutmuşdular. Hərdən gəlib hansısa sənədə qol çəkdirirdilər. Hər dəfə soruşurdum ki, məni hansı səbəbə görə həbs etmisiniz? Amma cavabsız qoyurdular. Vəkilim Cavid Rzazadə istintaqa da, məhkəməyə də binanın üzlənməsi tarixlərini əks etdirən fotoları təqdim edib, lakin heç biri tədqiq edilməyib".

Prosesdə fasilə elan edilib. Məhkəmə bu günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.