44
16:09
20 Oktyabr 2016

"Qəbələ" klubu Ronaldinyonu Bakıya gətirdi - VİDEO

“Bir müddətdi Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri ilə bağlı təşkil edilən mətbuat konfrasında klub rəhbəri fikrini bu sözlərlə davam etdirib: “Qəbələdə bir neçə ildi futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiyanın Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək. Sual verə bilərsiz ki, akademiya harda yerləşəcək? Bu, hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə, AFFA-ya da təşəkkür edirik”.

***

12:15

Əfsanəvi futbolçu Ronaldinyonun Bakı səfəri davam edir. Apasport.az saytının məlumatına görə, “sambaçı”nın bu gün jurnalistlərlə görüşü olacaq.

Belə ki, braziliyalı ulduz futbolçunun Bakı Olimpiya Stadionunda (BOS) mətbuat konfransı təşkil ediləcək.

Saat 16:00-da başlayacaq konfransda 36 yaşlı yarımmüdafiəçi ilə yanaşı, “Qəbələ” klubunun prezidenti Tale Heydərov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək.

Dünya ulduzunun ölkəmizə gəlişinin səbəbi isə “Ronaldinyo Akademiyası”nın açılışının müzakirəsidi. Akademiya “Qəbələ” klubunun dəstəyi ilə Bakıda açılacaq.

Qeyd edək ki, karyerası ərzində PSJ, “Barselona” və “Milan” kimi Avropa nəhənglərinin formasını geyinmiş Ronaldinyo 1999-2013-cü illərdə Braziliya millisinin heyətində 97 oyun keçirib, 33 qola imza atıb.