61
14:26
20 Oktyabr 2016

Vəzifəli şəxsin evində baş vermiş dəhşətli hadisə barədə YENİ FAKTLAR - GÖRÜNTÜLƏR

Bu gecə Abşeron rayon Hökməli qəsəbəsi Koroğlu küçəsində yerləşən yaşayış evində baş vermiş partlayışla bağlı araşdırma aparılır. Lent.az -ın hadisə yerində olmuş əməkdaşı xəbər verir ki, prokurorluq əməkdaşlarının apardığı ilkin araşdırmadan sonra əraziyə qaz-qəza xidmətinin əməkdaşları gəliblər. Hazırda evin yaxınlığındakı qaz xəttinin torpaqdan çıxarılması istiqamətində iş aparılır.

Bədbəxt hadisə ilə üzləşmiş ailənin qonşuları bildirirlər ki, təxminən səhər saat 5 radələrində partlayış səsinə oyanıblar. Partlayış o qədər güclü olub ki, evin damı küçənin əks tərəfindəki həyətə düşüb. Yataq otağının altına-zirzəmiyə yığılmış qazın partlaması nəticəsində evin döşəməsi tamamilə yerindən çıxıb, mənzildəki əşyalar küçəyə, həyətə dağılıb. Hadisə vaxtı yataq otağında yatmış 3 yaşlı Banıçiçək isə yerindən çıxmış döşəmədən evin zirzəmisinə düşüb və oradaca keçinib.

Qonşuların və əraziyə gəlmiş şəxslərin köməkliyi ilə ailə başçısı Müşfiq Qurbanlı, həyat yoldaşı Şəbruz Novruzova və onların 12 yaşlı qızı Leyla xəstəxanaya çatdırılıb və onların vəziyyətlərinin hələ də ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbinə gəlincə, ilkin ehtimala görə, partlayış evin yaxınlığından keçən qaz boru xəttindən baş vermiş sızma nəticəsində olub. Yəni borudan sızan qaz mənzilin zirzəmisinə toplanıb. Mənzilin bir neçə metrliyində kanalizasiya quyusunun olması isə qazın burada toplanması və kanalizasiya xətti ilə hamama və digər otaqlara dolması variantını da gündəmə gətirib.

Qeyd edək ki, Respublika Yanıq Mərkəzindən Lent.az -a bildirilib ki, 44 yaşlı Şəbruz Novruzova, həyat yoldaşı Müşfiq Qurbanlı və 12 yaşlı qızı Leyla Qurbanlı hazırda reanimasiyadadır. Həkimlər ana və qızının vəziyyətinin daha ağır olduğunu bildirirlər.

Onu da qeyd edək ki, Ş.Novruzova tanınmış cərrah, M.Qurbanlı isə “Azəravtoyol” ASC-nin aparat rəhbəridir.

*****

12:12

Bu gecə Abşeronun Hökməli qəsəbəsində yerləşən evdə baş vermiş partlayışda yaralanan şəxslərin vəziyyəti ağırdır. Respublika Yanıq Mərkəzindən Lent.az -a bildirilib ki, 44 yaşlı Şəbruz Novruzova, həyat yoldaşı Müşfiq Qurbanlı və 12 yaşlı qızı Leyla Qurbanlı hazırda reanimasiyadadır. Həkimlər ana və qızının vəziyyətinin daha ağır olduğunu bildirirlər.

Qeyd edək ki, "Report" hadisə vaxtı Ş.Novruzovanın qızı ilə birgə sübh namazı qılması barədə məlumat yayıb.

*****

11:06

Bu gecə Abşeronda partlayış baş vermiş yaşayış evində xəsarət alan qadının tanınmış cərrah olduğu məlum olub. Lent.az -ın məlumatına görə, Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində yaralanan ev sahibi Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

Qeyd edək ki, hadisədə ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ş.Novruzova, həyat yoldaşı və 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

*****

9:38

Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.

APA-nın məlumatına görə, gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən APA-ya bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

07:56

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

Abşeron Rayon Polis İdarəsindən APA -ya verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.