50
09:52
17 Oktyabr 2016

Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi - Sürücülərə müraciət olundu

Bakıya yağan intensiv yağış nəqliyyatın hərəkətini iflic edib.

Lent.az -ın məlumatına görə, Balaxanıdan Sabunçu körpüsünə qədər 6-7 km ərazidə tıxac yaranıb. Şəhərin əsas prospektləri olan Tbilisi, Heydər Əliyev, Ziya Bünyadov və Babək prospektlərində də güclü tıxac var.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a açıqlamasında deyib ki, güclü yağış səbəbindən bu gün səhər saat 8-in yarısından saat 9-a qədər paytaxtın bütün mərkəzi küçələrində nəqliyyat sıxlığı yaşanıb.

Bu sıxlığın yaranmasına səbəb yağış sularının yaratdığı gölməçələrdir. Xüsusən Keşlə qəsəbəsinin çıxışında böyük çirkli su gölməçəsinin yaranması Babək prospektindən nəqliyyatın şəhərə girişinə böyük çətinlik yaradıb. Bəzi avtomobillərin mühərriki sıradan çıxıb: "Hazırda paytaxtın bütün küçə və prospektləri əməkdaşlarımızın nəzarəti altındadır. Hava şəraiti ilə əlaqədar olaraq 3 yol-nəqliyyat hadisəsi baş verib".

V. Əsədov hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib: "Belə havada texniki cəhətdən saz vəziyyətdə olan avtomobillər idarə edilməlidir. Mövsümi təkərlərdən istifadənin vaxtı çatıb. Avtomobillərin surəti minimuma endirilməli, ara məsafəsi normadan artıq olmalıdır".