23
12:36
14 Oktyabr 2016

Təhsil İdarəsi yol təhlükəsizliyi ilə bağlı məlumat sessiyaları keçirir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və “Həyat” Humanitar Dəstək İctimai Birliyi ilə birgə “Mütləq keç sən keçiddən, uzaq ol təhlükədən!” devizi altında məlumatlandırıcı seminar və məşğələlərə start verib.

BŞTİ-nin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, seminarların keçirilməsində məqsəd məktəb ətrafı ərazilərdə təhlükəsiz yollar mühitinin effektiv şəkildə yaradılmasına nail olmaqdır.

“Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” adlı ilk məlumat sessiyası oktyabrın 13-də paytaxtın 8 nömrəli tam orta məktəbində keçirilib.

Sessiyada çıxış edən Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi Vaqif Əsədov son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin miqyasının artdığını və respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalmasında aparılan təbliğat işlərinin əhəmiyyətini vurğulayıb.

Layihə çərçivəsində, həmçinin “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə”, habelə ibtidai sinif şagirdləri üçün hazırlanmış yol təhlükəsizliyi pasportunun sxematik versiyasının təqdimatı keçirilib.

Qeyd edək ki, “Yol təhlükəsizliyinin təmin olunmasında yol təhlükəsizliyi pasportunun tətbiqi mühüm vasitə kimi” sessiyası noyabrın 4-dək davam edəcək. Bu müddət ərzində müvafiq görüşlərin paytaxtın 58, 87, 149, 175, 203, 214 252, 258 və 276 nömrəli tam orta məktəb və məktəb-liseylərdə keçirilməsi nəzərdə tutulub.