96
writer1

Qəşəm Nəcəfzadə

Məqalə sayı : 4

15:30 12 Oktyabr 2016

İki ayın gəlini ilə professorun feysbuk söhbəti

 

Feysbuk da toy  kimidir, “toya gedərsən, toyuna gələrlər prinsipi” feysbukda da özünü tamamilə doğruldur. Əgər kiminsə yazısını “layk” edirsənsə, hökmən o da sənin yazını  “layk” etməlidir, özü də oxumamış... Dəfələrlə öz təcrübəmdə bunu sınaqdan  keçirmişəm. Məsələn, altı min işarəlik yazını paylaşan kimi bir saniyə içərisində 10-15  “layk” gəlir. Ay can! Çox qəribədir, deyilmi?

 

Qonşumuzda bir dul arvad var. Hamı onu Aysel xala deyə çağırır. Hara gedir, adını belə deyir. Feysbukda elə oyunlardan çıxır, adamın əli-ayağı yerdən-göydən üzülür. Məsələn, qəzetdə bir professorun şəklini mənə göstərib deyir: “Müəllim, bilirsən bu kimdir?” Deyirəm, filankəs. Onunla feysbukda yazışmasını göstərir mənə.

 

Aysel Aysel deyil ey, od parçasıdır. Ərindən boşananda o qədər məhkəmələri gəzib ki, işə düzəldən olsa, lap vəkil işləyə bilər.  Civə kimi arvaddı. Diqqətlə baxsan, dəliyə oxşayır. Üstü-başı kirli. Kafedə qabyuyan. Ürəyə girən, başda qaynayan. Həm  də it oynadanın biri. Bitin arxasına birə yazır. Şou-biznesə xəbər çatmamış, birinci Aysel bilir. Küçəmizdə  maşınların nömrəsini əzbərdən deyir. Küçə uşaqlarını burnundan tanıyır. Kişilər söyməyən söyüşləri söyür. Qonşuların “vayfay”ının kodunu asanlıqla sındırır. Oturur küçədə  daşların üstündə, başlayır feysbukda adamları oynatmağa. Ayselin barmaqları  planşetin üstündə oynadısa,  bilmək olar ki, feysbukda adamlar artıq “Tərəkəmə”ni oynayırlar. Aysel  ara-sıra şeirlər yazır. Dediyinə  görə, şeirlərinə Elza Seyidcahan mahnı bəstələyir. Şeirləri də nədən ibarətdir? Dəniz, sevgi, dodaq, öpüş, ayrılıq, həsrət və sair. Nə isə,  keçək professora.  Professor feysbukda   yazır ki, salam gözəllər gözəli, Aysel xanım! Aysel də uşaq deyil ki... Bir az salamı gec yazır. Professor  darıxır, yenə yazır ki, Aysel xanım  sizin şeirləri oxumaq istəyirəm.

 

Aysel de deyir: “Müəllim, elə  burdan oxuyun”.

- Yox, mən şeirləri  sizin dilinizdən eşitmək istəyirəm.

- Müəllim, axı mən bayıra çıxa bilmərəm.

- Niyə?

- Nənəm qoymur.

- Bəs mən sizi harda görə bilərəm?

 

Aysel də yaxşı  bilir kişinin  azarını.

- Heç harda))))))) - yazır  arxasınca da  gülüş işarəsi.

 

Arvadın  işinə bax, sonra bir kəlmə yazıb internetdən çıxır.

- Oyyyyyyy, nənəm gəldi.

 

Bu,  Ayselin 10 gün bundan qabaqkı yazışmasıdır. Professor ilə  mən  uzaqdan tanışam.  bir dəfə  ayaq üstü salam verib-almışam. 65 yaşı olar-olmaz. Hər adam qəbuluna düşə bilmir. Yanında iri gövdəli, qollu-budaqlı cangüdənləri var. Bir neçə yerdə villası, restoronı, şirkəti var, bir sözlə, hər yerdə sözü keçəndi. 

 

Amma  qonşumuz  Aysel  hamının heyfini artıqlaması ilə ondan  çıxır, yediyini-içdiyini burnundan tökür.

 

Aysel bir neçə gün qabaqkı yazışmalarını mənə göstərir.

- Salam gözəllər gözəli Aysel xanım.

- Salam.

- Sənin yeni şeirlərini canlı dinləmək istəyirəm.

 

Aysel belə bir işarə qoyub.

- )))))))))))

- Neçə yaşın var, quzum?

- 18 yaşım var.

- Nə gözəl... yoldaşınız harda işləyir?

- Yoldaşım yoxdur, cəmi  iki ayın gəlini olmuşam.

 

Burda professor lap həyəcanlanır.

- Niyə? Boşandın?

- Yox, məni qaçırtdılar, iki ay saxlayıb qaytardılar.

- Sənə maşın alaram.

 

Aysel də belə işarələr qoyur.

- ))))))))))

- Sənə bəstəkar taparam, şeirlərinə mahnı bəstələyər.

- ))))))))))

- Səni universitetə düzəldərəm.

- )))))))))))

- Xaricə apararam.

- )))))))

 

Professor yalvarmağa başlayır.

- Başına dönüm, Aysel.

- Qurban olum, Aysel.

 

Aysel bütün günü kompüter əlində qonşular gəzir. Professor ilə olan yazışmalarını hamıya göstərir. Ayselin  əsl adı,  sən demə,   Saradır. Aysel onun qondarma adı imiş...  Yaşını internetdə 18 yazıb.

Bəli, camaatı saymayan boynu qırmızı qalstuqlu, əli diplomatlı, yanı can güdənli, dolu bədənli, enli kürəkli millət vəkilli  qonşumuz Sara arvadın əlində əməlli-başlı oyuncağa çevrilib.

 

Ay səni, namərd internet.