37
13:48
28 Sentyabr 2016

"Nardaran işi"-də hakim təqsirləndirilən şəxsə xəbərdarlıq etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, Abbas Hüseynovun məhkəməyə müraciəti daxil olub.

Hakim onun iştirakının təmin olunduğunu deyib və A. Hüseynova xəbərdarlıq edib: "Nəyəsə etirazın olsa, vəkillərinə bildir, onlar da qanun çərçivəsində bizə müraciət etsinlər".

A. Hüseynov isə heç bir qaydanı pozmadığını, zərərçəkmiş kimi ifadə verən polislərə istiqamətverici suallar verilməsinə etiraz etdiyini deyib.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ramil Salmanov ifadə verib. O, Taleh Bağırovla bağlı daxil olmuş məlumat əsasında əməliyyat keçirdiklərini deyib. Bildirib ki, hadisə zamanı Cahad Balakişizadəni zərərsizləşdirib. O, prokurorun suallarını cavablandıran zaman deyib ki, əməliyyat keçirilən evdə uşaq və qadın görməyib. Vəkillərin suallarının əksəriyyətinə isə "Xatırlamıram" cavabını verib.

Vəkil Nemət Kərimli onda yaddaş pozğunluğu olduğunu deyərək bununla bağlı vəsatət vermək istəyib. Lakin hakim vəsatətin dindirmə başa çatandan sonra müzakirə ediləcəyini deyib.

Proses günün ikinci yarsında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.