59
17:28
27 Sentyabr 2016

Analoq TV yayımının dayandırılması kimlərə problem yaradacaq? – Açıqlama

Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Məsələ ilə bağlı Lent.az -a açıqlama verən Milli Televiziya və Radio Şurası (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, analoq TV rəqəmli televiziya yayımını dəstəkləməyən yayımdır: “ Müasir, yeni nəsil televizorların hamısı rəqəmli TV yayımını dəstəkləyir. Ancaq loru dildə desək, arxası enli, köhnə televizorlar var ki, bunlar rəqəmli yayımı dəstəkləmir. Və həmin televizorlar tərəfindən rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlıq - dekoder (“Set-Top-Box”-ların) əldə olunmalıdır”.

Aparat rəhbəri bildirib ki, kabel şəbəkəsi yayımına qoşulmuş şəxslər burda istisna təşkil edir: “İzləyici televizorunda peyk vasitəsilə siqnalı qəbul edirsə və yaxud hər hansı bir kabel şəbəkəsinin xidmətlərindən istifadə edirsə, təzə televizoru varsa, onun dekoderə ( çevirici) ehtiyacı yoxdur. Əvvəlki qaydada televiziya proqramlarını izləyə biləcək. Bu, ancaq yerüstü yayıma aiddir. Yəni izləyici evdə ya damda antena quraşdırıb yerli telekanalları izləyirsə, artıq köhnə televizorla izləyə bilməyəcək. Həmin izləyici gərək ya yeni televizor alsın ya da köhnə televizora dekoder qoyulmalıdır".