50
12:50
27 Sentyabr 2016

MTRŞ-dan şeyxə cavab: "Dini telekanalın açılması gözlənilmir"

“Şeyxülislam Hacı Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılacağı demək deyil. Yaxın gələcəkdə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilmir”.

Lent.az -ın AzVision.az-a istinadən məlumatına görə, bunu MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov deyib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılması gözlənilmir.

“Şeyxüslam təklif irəli sürüb. Hər kəs təklif verə bilər. Lakin mövcud reklam bazarı, mövcud vəziyyət və digər məsələlər müzakirə olunur və Şura bundan sonra müsabiqə elan edir. Azərbaycan böyük ölkə deyil, mövcud telekanalların sayı ölkə üçün daha çoxdur və reklam bazarı bunları əhatə edir. Ona görə də yeni telekanalın açılması yaxın gələcək üçün məqsədə müvafiq hesab edilmir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması təklifini sürüb. O bildirib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub.

11:35

Azərbaycanda dini televiziyanın yaradılması təklif olunur. APA -nın məlumatına görə, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə irəli sürüb.

Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər. Bəzən mətbuatda nabələd halda dini mövzulara toxunulur. Amma vahid dini televiziya olduğu təqdirdə bu işin peşəkarlar tərəfindən görülməsinə nail olacağıq”.

QMİ sədri jurnalistlər üçün dini kursların açılmasını də təklif etdiyini deyib.