38
20:03
26 Sentyabr 2016

Referendum-2016: Sosial şəbəkələr vasitəsilə canlı yayımın üstünlükləri

APA TV-nin “Manşet” proqramında Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin gedişi müzakirə olunub. Aparıcı İlham Tumas və APA TV-nin baş direktoru Vüqar Hüseynov səsvermə prosesinin işıqlandırılmasında kütləvi informasiya vasitələrinin üzərinə düşən rolu müzakirə ediblər.

- Media orqanlarının vəzifəsi prosesə münasibət bildirmək deyil, onu bütün tərəfləri ilə işıqlandırmaqdır. Səsvermə kimi mühüm bir prosesin hərtərəfli işıqlandırılması media qurumundan sistemli iş tələb edir. APA Holdingə daxil olan media strukturlarının bu mənada üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldiyini düşünürəm.

- APA TV nisbətən gənc kütləvi informasiya vasitəsi sayılsa da, artıq prezident və parlament seçkilərinin işıqlandırılmasında aktiv iştirak edib və bu sahədə böyük təcrübə toplayıb. Bu gün keçirilən səsvermə prosesinin işıqlandırılmasında bu təcrübədən istifadə olunub, eyni zamanda bu tip ölkə miqyaslı proseslərin işıqlandırılması üçün əlavə təcrübə toplamış olmuşuq.

- Bu gün sosial şəbəkələr canlı yayım imkanları təqdim edir, APA TV bu imkandan görüntülü informasiyanın tamaşaçıya daha operativ çatdırılması üçün maksimum istifadə edib. Gün ərzində Mərkəzi Seçki Komissiyasında keçirilən bütün mətbuat konfransları, MSK üzvlərindən səsvermənin gedişinə dair alınan açıqlamalar “Facebook” sosial şəbəkəsi vasitəsilə canlı yayımlanıb və sosial şəbəkə istifadəçiləri prosesi anında izləmək fürsəti əldə ediblər. Səsvermə başa çatana kimi MSK ilə 11 canlı bağlantı həyata keçirilib və bu proses günün sonuna kimi davam etdiriləcək.

- Seçici fəallığının yüksək olması cəmiyyətdə siyasi sosiallaşmanın yüksək səviyyəyə çatmasının nəticəsidir. Bunun səbəblərini müzakirə etmək olar, amma bugünkü səsvermə bir faktı ortaya qoydu - cəmiyyət hələ də apolitikləşməyib və vətəndaşlar öz gələcəkləri və dövlətin gələcəyi qarşısında məsuliyyətlərini hiss edirlər.