49
20:00
24 Sentyabr 2016

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Sentyabr

GÜNÜN ŞƏRHİ

OPEK-in Əlcəzair toplantısı ilə bağlı gözləntilər bitdi. Bazar ertəsi başlayacaq toplantıdan neftin bahalaşmasına müsbət təsir edəcək qərar çıxacağı ehtimalı 1 faizdir. Vyana görüşündən sürpriz nəticə olmadı, bazarlar nəticəsiz Səudiyyə-İran görüşünə OPEK toplantısından sonra deyil, elə bazar ertəsindən reaksiya verməyə başlayacaq. Proqnozlar belədir, qiymətlərin ilkin mərhələdə 42-45 dollar səviyyəsinə enmə ehtimalı böyükdür. OPEK üzvləri hasilatı dondurmaq barədə razılıq əldə edə bilmədiyinə görə, ayrı-ayrılıqda hasilatı daha da artırmağa çalışacaqlar. Bu isə bazarda təklifin tələbi daha da üstələməsi ilə nəticələnəcək. OPEK-in sıradan çıxması ilə bazarda qiymətlərlə oynaya biləcək tək oyunçu qalır - ABŞ. Əgər gələn həftə ABŞ-ın neft ehtiyatlarının artdığı bəyan edilərsə, bu, təəccüblü sayılmamalıdır. Vaşinqton yenə də ucuz nefti Rusiyaya qarşı əsas təzyiq vasitəsi hesab edir və qiymətləri aşağı salmaq üçün əlindən gələni əsirgəməyəcək. Bunun üçün daha bir səbəb var - Rusiya ilə Suriyaya dair anlaşmanın rəsmən pozulduğu elan olunub. Vyana görüşünün nəticəsiz qalmasında ABŞ-ın nə dərəcədə rol oynadığını yalnız təxmin etmək olar, amma bu görüş gedən ərəfədə Barak Obamanın Səudiyyəyə problemlər yaradan qanuna veto qoyması təsadüf sayıla bilməz.

Vüqar MƏSİMOĞLU