37
18:16
19 Sentyabr 2016

Özündən 15 yaş böyük məşuqəsini öldürən şəxsə 20 İL HƏBS TƏLƏBİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi baça çatıb.

Lent.az -ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prokuror çıxışında F.Qədimovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonu, 9-cu mikrorayonda, Cavadxan küçəsində baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Qədimovun olduğu bəlli olub.

Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadədə qadını qısqanclıq zəminində öldürdüyünü etiraf edib. 24 yaşlı Fəhmin Qədimov saxladığı qadın üçün Cavadxan küçəsində bir otaqlı mənzil kirayələyib. Qətl elə həmin mənzildə törədilib, Sədaqət Əsgərova ilə mübahisə edən Fəhmin onu kəndirlə boğduqdan sonra mənzilin qapısını bağlayıb və qadının maşınına minərək ərazini tərk edib. Ev sahibəsi hadisədən iki gün sonra təsadüfən mənzilə gəlib. Kirayənişinlərdən xəbər olmadığından şübhələnən sahibə özündə olan açarla qapını açıb və evdə meyit olduğunu görüb. Dərhal polisə məlumat verilib və polis əməkdaşları isti izlərlə Fəhmin Qədimovu taparaq həbs ediblər.