29
17:47
19 Sentyabr 2016

"Dostluq" parkında torpaq alqı-satqısında təqsirləndirilənlər son söz deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dostluq" parkının ərazisindəki torpaq sahələrinin alqı-satqısını qanunsuz olaraq həyata keçirməkdə təqsirləndirilən Famil Quliyev, Etibar Məmmədov və Tərlan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib

Lent.az -ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər.

Vəkillər hüquqlarını müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslərin hər üçü son sözlə çıxış ediblər. Onlar məhkəmədən barələrində bəraət hökmünün çıxarılmasını tələb ediblər. Hakimlər kollegiyası müşavirəyə gedib.

Prosesdə sentyabrın 20-dək fasilə elan olunub. Sabah həmin şəxslərə hökm oxunacaq.

Qeyd edək ki, "Dostluq" parkında qanunsuz tikilən villaların sökülməsi ilə bağlı Prezident İlham Əliyev ötən il keçirdiyi müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırıq verib. Tapşırığa əsasən, həmin parkdakı villaların sökülməsinə başlanılıb. Bundan sonra cinayət işi başlanılıb və Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşları 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlunu istintaqa cəlb ediblər. T.Hüseynov barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs qətimkan qərarı çıxarılıb. Daha sonra 7 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Quliyev Famil Əhməd oğlu və Səbail rayonu Bibiheybət bələdiyyəsinin baş memarı Etibar Məmmədov tutulub.