32
13:07
19 Sentyabr 2016

İŞİD-ə qoşulmaqda təqsirləndirilənlər ifadə verməkdən imtina etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəməsi davam edib.

Lent.az -ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində digər məhbus Kamran Əzizov ifadə vermək üçün kürsüyə gəlib. O, ifadə verməkdən imtina edib. Hakim bildirib ki, şahid ifadədən imtinaya görə məsuliyyət daşıyır və barəsində cinayət işi başlanır. Şahid yenə də ifadə verməkdən imtina edib. Digər şahid Malik Musayev də Kamran Əzizov kimi ifadə verməkdən imtina edib. Hakim ona da məlumat verib ki, ifadə verməməyəci təqdirdə barəsində cinayət işi açılacaq. O da ifadə verməkdən imtina edib. Hakim qeyd edib ki, şahid kimi ifadədən imtinaya görə 5 ilə qədər həbs cəzası gözlənilir.

Xatırladaq ki, bugünkü şahidlər hər ikisi Suriyada döyüşməkdə təqsirli bilinib. Onlardan Kamran Əzizov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 14 il 6 ay, Malik Musayev isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Malik Musayev İncəsənət Universitetinin 2 kurs tələbəsi olub. Məhkəmə prosesi oktyabrın 3-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Müəyyən edilib ki, Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.