30
11:51
17 Sentyabr 2016

Qənirə Paşayeva “Kitab bayramı” təşkil edib

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində yeni dərs ilinin başlanması münasibətilə "Kitab bayramı" təşkil edib. Lent.az -ın məlumatına görə, məktəblilərə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edən millət vəkili onları daha çox oxumağa, mütaliəyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb.

Tovuz məktəblərinin kitabxanalarına çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva məktəbliləri təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyə və məsləhətlərini də verib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir".

Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.