29
10:38
17 Sentyabr 2016

Bakıda dəhşətli hadisə: 2 nəfər öldü - YENİLƏNİB

Bakının Xəzər rayonunda baş vermiş yol qəzasının yeni təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, ötən gecə Bakı şəhər sakini Kamal Nəzərov Xəzər rayonu ərazisində, Qala yolunda idarə etdiyi “Renault” markalı maşınla yolu keçən piyada, 1958-ci il təvəllüdlü Mübadə Məmmədovanı vurub. Piyada hadisə yerindəcə keçinib.

K. Nəzərov daha sonra idarəetməni itirərək avtomobili qarşıdan gələn “İveco” markalı avtobusa çırpıb. Nəticədə “Renault”da olan sərnişin, 1971-ci il təvəllüdlü Şəfayət Cəfərov aldığı xəsarətdən dünyasını dəyişib.

K. Nəzərov özü xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

*****

10:14

Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az -ın məlumatına görə, saat 23 radələrində Xəzər rayonu Qala qəsəbəsi ərazisində "Renault Tondar" markalı minik avtomobili yolu keçməyə çalışan 3 nəfəri vurub. Nəticədə 45 və 58 yaşlı iki qadın hadisə yerində ölüb. Ağır xəsarət almış 47 yaşlı kişi isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

****

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda “İveco” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub.

Lent.az -ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:31-də başa çatıb.