53
16:39
15 Sentyabr 2016

Bakının qurtuluşundan sonra şəhərdə qurulan dar ağacları

Qonaq: Akif Aşırlı - tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru
Mövzu: Bakının qurtuluşu - bilinməyən tərəflər
Bu gün Bakının düşmən işğalından azad olunmasının ildönümüdür. “Manşet” proqramının qonağı, tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı 15 senyabr – Bakının qurtuluşunun indiyədək bilinməyən tərəfləri ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.
- 15 sentyabra qədər Azərbaycanın müstəqilliyi və sərhədlərinin bütövlüyü sual altında idi. Müstəqillik Bəyannaməsi yalnız bir sənəd idi və paytaxt da müvəqqəti olaraq Gəncədə yerləşirdi. İnanın, əgər 15 sentyabrda Bakı azad olunmasa idi, Azərbaycanın ərazisi xeyli kiçik olardı, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi.
- Qafqaz İslam Ordusunun Azərbaycanı bolşevik-daşnak işğalından qurtarması həm də Azərbaycanla Türkiyənin birgə hərbi əməliyyatının tarixdə bənzəri olmayan nümunəsidir. Təsəvvür eləyin ki, bir hərbi qüvvə iki komandanlıq tərəfindən idarə olundu və arada heç bir fikir ayrılığı olmadı, müharibə uğurlu qələbə ilə yekunlaşdı.
- Gəncədə Nuru Paşanın qarşılanma mərasimi haqqında ilk dəfə bolşevik mətbuatı məlumat verdi. Təbii ki, bu informasiyalar birtərəfli və qərəzli idi. Məsələn, “Bakinski raboçi” yazırdı: “Nuru Paşa Azərbaycana 50 nəfərlik kiçik bir qüvvə ilə gəlib”.
- Nuru Paşanın ətrafında Azərbaycanın dəyərli ziyalıları, general Şıxlinski, sonradan Qarabağı düşməndən qurtaran polkovnik Səlimov kimi hərbçilər toplaşmışdı.
- Qafqaz İslam Ordusu Göyçayda bolşeviklərin ciddi müqaviməti ilə qarşılaşdı və itkiyə məruz qaldı. O zaman Nuru Paşa burada bir toplantı keçirdi. Onda Şıxlinski xalqa müraciət etdi ki, Qafqaz İslam Ordusu bizi qurtarmağa gəlib, əsgərlərimizə ərzaq, su baxımından kim nəyi bacarırsa, yardım etməlidir.
- Hər yerdə yerli əhali Nuru Paşanı göydən enmiş bir mələk kimi qarşılayırdı. Hamı anlayırdı ki, Azərbaycanın və xalqın xilası yalnız bu Ordudan asılıdır.
- Gəncə döyüşlərindən əvvəl Nuru Paşa erməni əhalisinə müraciət etdi ki, əgər onlar Azərbaycanın qanunlarını tanıyacaqlarsa, o zaman malları, canları təhlükəsizlikdə olacaq. Ermənilər Nuru Paşanın qəbuluna düşüb xahiş elədilər ki, silah-sursatı qaytarmaq üçün iki gün vaxt verilsin. Ancaq iki gündən sonra nəinki silahlar qaytarıldı, əksinə erməni tərəfi hücuma başladı.
- 1918-ci mart hadisələrindən sonra Bakı milyonçuları, bir çox ziyalılar Bakıdan çıxmışdılar. Çünki onların burada yaşamaları və fəaliyyətləri üçün heç bir şərait yox idi. Diqqət çəkən digər bir material var. Məsələn, indiyədək heç kim bilmir ki, məşhur aktyor Mirzəağa Əliyev 1918-ci ilin mart qırğınları zamanı ayağından güllə yarası alıb və bolşevik-daşnak birləşmələri Bakını zəbt etdikdən sonra İrana keçməyə məcbur olub. O, Güney Azərbaycanda Mirzə Kiçik xanın dəstəsində ingilislərə qarşı döyüşüb. İşğaldan azad olunduqdan sonra Mirzəağa Əliyev Bakıya qayıdır və “Azərbaycan” qəzeti bunu “Məşhur aktyor Vətənə döndü” başlığı ilə yayımlayır.
- İngilis komandanı Denstervil Bakıda hərbi vəziyyətlə tanış olduqdan sonra demişdi: “Bizim qalib gəlmək şansımız yoxdur”. Beləcə, Bakı 6 minlik Azərbaycan Ordusunun, 8 minlik Türk Ordusunun canlı qüvvəsi ilə işğaldan azad edildi. Döyüşlər zamanı ermənilər səngərlərdən çıxıb Bakıda evlərə dolaraq qarətə başlamışdılar.
- Qafqaz İslam Ordusu bir ideoloji, bir hərbi hərəkatdır. Ona görə də bu olaya sadə bir döyüş, bir şəhərin azad olunması kimi baxmaq olmaz.
- Sentyabrın 17-də indiki “Sahil” bağında Qafqaz İslam Ordusunun hərbi keçidi oldu. Xalq bu hərbi keçidi sevinc göz yaşları içində alqışlamışdı. Bu baxımdan, yaxşı olardı ki, “Sahil” bağı “Hürriyyət” bağı elan olunsun və burada Türkiyə ilə Azərbaycanın bu möhtəşəm tarixinə həsr olunmuş abidə qoyulsun.
- Bakının qurtuluşundan sonra şəhərdə qayda-qanun yaradılması, süni qiymət artımının qarşısının alınması üçün dar ağacları qurulmuşdu, cəza tədbirləri həyata keçirilmişdi və bu, zəruri idi. Sənədlərdə o dövrdə 100-ə yaxın cinayətkarın dar ağacından asıldığı bildirilir.