43
18:54
14 Sentyabr 2016

6 yaşı tamam olmadan 1-ci sinfə qəbul olanların sayı artıb

2016-2017-ci tədris ilində məktəbəqədər hazırlıq qruplarını bitirərək 1-ci sinfə sertifikatla qəbul olan 6 yaşı tamam olmuş uşaqların sayı ötən tədris ili ilə müqayisədə 8,9 faiz, 6 yaşı tamam olmayıb 1-ci sinfə sertifikatla qəbul olan uşaqların sayı isə 47,6 faiz artıb.

Lent.az -ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

M.Vəliyevanın sözlərinə görə, bu il ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların 1-ci sinfinə 45781 uşaq qəbul olub. Bu il 1-ci sinfə qəbul olunanların 88 nəfəri 8 yaşdan yuxarı olan uşaqlardır.

O qeyd edib ki, bəzi hallarda ibtidai sinif müəllimlərinin uşaqlar qarşısında məktəbəhazırlıq proqramın tələblərindən artıq tələblərin qoyulması ən ciddi problemlərdən biridir və bu problemin həlli yollarından biri müəllimlərin əlavə təlimlərə cəlb olunmasıdırsa, ikinci həll yolu məktəb rəhbərlərinin proqramın tələblərin yerinə yetirilməsinə nəzarətin ciddi şəkildə artırılmasıdır.

M.Vəliyeva əhalinin rahat istifadəsi üçün yaradılan, eyni zamanda təhsil sisteminin özü üçün də bir çox üstünlüklərə malik olan sistemin birinci sinfə qəbul prosesindəki neqativləri tam aradan qaldırmağa imkan vermədiyi üçün təəssüfünü bildirib: “Belə ki, qəbul prosesinin yerlərdə qeyri-şəffaf keçirilməsi, xüsusilə uşaqların siniflər üzrə komplektləşdirilməsi prosesində məktəb rəhbərliyinin, bəzi hallarda, hətta müəllimlərin valideynlərin arzusundan gəlir əldə etmək məqsədi ilə istifadə etməsi ilə bağlı narazılıqlar əhali arasında bu gün də səsləndirilir".

O qeyd edib ki, yüksək keyfiyyətə mane olan amilləri aşağı siniflərdə axtarmaq lazımdır: "Nəzərə çarpacaq səbəblər arasında müəllimlərin keyfiyyətsiz dərs keçməsi, idarəetmədə boşluqların olması, istər məktəb rəhbərliyi, istərsə də valideynlər tərəfindən zəifliyin olması mövcuddur".