67
16:53
14 Sentyabr 2016

Birincilər məktəbə gedəndə niyə ağlayır? - REPORTAJ

Sabah birinci sinif şagirdləri ilk dəfə məktəbə qədəm qoyacaq. İlk məktəb, ilk dərs, sinif otaqları, ilk müəllimə və ilk müstəqil addımlar... Təbii ki, ilk gün həm müəllimlər, həm şagirdlər, həm də valideynlər üçün məsuliyyətli olduğu qədər də həyəcanlıdır. Maraqlıdır, birincilərin məktəbi, müəllimləri sevməsi üçün nə etmək vacibdir?
Ömrünün 30 ilini müəllim peşəsinə bağlayan "Ankara Məktəbi" məktəb-liseyinin ibtidai sinif müəlliməsi Sevinc Həsənova deyir ki, ilk dərs günündən əvvəl valideynlər övladları ilə birlikdə məktəbə hazırlaşırlar. Xüsusən uşaq 1-ci sinfə gedirsə, bu hazırlıq daha fərqli və gərgin tempdə gedir. Yeni kitab, dəftər, qələm, çanta, geyim və s. alınır. Uşaqlar isə məktəbə getmək üçün həvəslə sentyabrın 15-ni gözləyir. Vaxt gəlib çatır, hər bir uşaq məktəbə gedir və hər şeyin düşündüyü kimi olmadığını görür: "İlk dərs günü həm uşaqlar, həm valideynlər, həm də müəllimlər üçün çətindir. Çünki müxtəlif ailələrdən gələn birincilər bir yerə toplanırlar. Bəzi uşaqlar məktəbə hazırdır, bəziləri isə hazır deyil. Elə uşaqlar var ki, bağçalarda olub, müxtəlif hazırlıq kurslarına gediblər. Məhz bu uşaqlar üçün ilk dərs günü o qədər çətin olmur. Birbaşa evdən məktəbə gələn uşaqlarda isə bu hiss tam fərqli olur. Çünki onlar valideyndən asılı olurlar. Valideynlər uşaqları məktəbə gətirməzdən əvvəl psixoloji hazırlamalı, onlara məktəb haqqında ilk bilgi verməlidir. Müəllim isə həmin uşaqlara diferensial yanaşmağı bacarmalı, uşağa doğma münasibət göstərməlidir. Çünki ilk mərhələdə uşağın əzizlərindən bir neçə saatlıq da olsa, ayrılması tərəflərə çətinlik yaradır. Amma çətinliklər iki-üç gün davam edir. Sonra yeni dostlar, yeni mühit onu özünə bağlayır".
Digər pedaqoq Sevda Babayeva isə hesab edir ki, məktəbə yeni başlayan uşaqlar əvvəlki illərdə görmədikləri məsuliyyətlə yüklənirlər. Elə ona görə də ilk günlər birincilər daha çox emosional olur, ağlayır, valideynlərindən ayrılmaq istəmirlər: "İlk dəfə məktəbə qədəm qoyan uşaqlara müəllim daha çox ana qayğısı göstərir. Çünki belə olmasa, onların məktəbi sevməsi çətin olur. Biz isə onlara daha komfort şərait yaratmalıyıq. Bunun üçün də elə ilk gündən başlayaraq 3 ay ərzində onların məktəbə adaptasiya dövrü başlayır. Bu dövr ərzində biz valideynlərlə birlikdə onların həyəcan və qorxusunu aradan götürürük".
6 yaşlı Yusif də sabah məktəbə ilk addımlarını atacaq. Artıq hərfləri tanıdığını deyən balaca həmsöhbətim məktəbi sevəcəyini deyir: "6 yaşım var. Məktəbə gələcəyəm sabah. Amma bundan əvvəl hazırlığa getmişəm. Rəqəmləri bilirəm, hərfləri də yazıram. Dostlarıma da deyəcəm ki, məktəbi sevsinlər".
İlk dərs günün həyəcanı ilə yaşayan valideynlə də söhbətləşdik: "Bilirsiniz, yaxşı övlad böyütmək üçün müəllim də, valideyn də birgə çalışmalıdır. Birtərəfli inkişaf yoxdur. Bu yük də həm valideynlərin, həm də müəllimlərin üzərinə düşür. Bu baxımdan valideyn-məktəb həmrəyliyi çox vacibdir. Mən özüm də müəlliməyəm, arzu edirəm ki, gələcəyin savadlı gəncini yetirmək üçün birgə işləyək".
Psixoloq Narınc Rüstəmova hesab edir ki, hər yeni mərhələ kimi, məktəb mərhələsi də ailə üçün “təbii bir kriz dövrü” hesab olunur və buna hər ailə uyğunlaşa bilmir. Məktəbə başlayan uşaq yeni və qarmaqarışıq bir mühitə düşür, artıq valideynlərdən uzaqda sərbəst yeni dünyaya qapı açır: "Yuxudan istədiyi vaxt oyanan uşaq indi saat 07:00-da durmalı, saatlarla oyuncaqları ilə oynayan uşaq indi 45 dəqiqə oynamadan müəllimini dinləməli, çətin proses olan düzgün yazmağı öyrənməlidir. Üstəlik, bu prosesdə valideynləri yanında olmayacaq, onu qapıda müəlliminə verib gedəcək. Müəllimi isə 20, hətta daha çox uşağa diqqət göstərdiyi üçün tam - valideynləri kimi onun nazını çəkə bilmir. Bu dəhşətli görünən sistemə tab gətirə bilməyən uşaq mənasız ağlamalarla və ya məktəbə getmək istəməməklə öz etirazını bildirir. Bu zaman məktəb fobiyası üzə çıxır - qarnı ağrıyır, ürəyi bulanır, tez-tez tualetə gedir, hətta qızdırması qalxır. Valideynlər isə bunun ya bəhanə olduğunu düşünüb övladını məcburən məktəbə ağlaya-ağlaya göndərir, ya da həkimə göstərərək mədə-bağırsağında problem olduğunu düşünür. Bu çətin dönəmdə balacanın psixoloji durumu heç yada da düşmür. Uşaq fikrini ancaq bir düşüncəyə cəmləyir - məktəb gəldi, anam-atam getdi. Məktəb olmasaydı, mən yenə evimdə “sultan” idim".
"Uşaqların məktəbə hazırlığı 3 yaşından etibarən başlanır" deyən psixoloq qeyd edib ki, uşaqların saymağı və şeiri bilməsi, sadə riyazi hesablamaları, əlavə dili, hərifləri tanıması heç də məktəbə hazırlıq demək deyil. Onun sözlərinə görə, məktəbə hazırlıq sistemi mütləq pedaqoq, psixoloq, loqoped həkim tərəfindən kompleks şəkildə aparılmalıdır: "Ümumiyyətlə, məktəbə gec alışan uşaqların əksəriyyəti valideynlərin uşaqlara az məsuliyyət verməsi ilə əlaqədardır. Onun sizdən tez zamanda ayrıla bilməsi üçün kiçik yaşlardan məsuliyyət verməyiniz mütləqdir. Belə ki, onun öz-özünə yemək yeməsinə, əşyalarını qaydaya salmasına, paltarlarını özünün geyinməsinə və s.-ə imkan, şərait yaradın. Məktəbə yeni başlayan uşaqlar əvvəlki illərdə görmədikləri məsuliyyətlə yüklənirlər. Buna görə də kiçik yaşlardan onları məsuliyyətlə yükləməyiniz vacibdir. Çünki onlar məktəbə başladıqda, müəyyən müddət sakit şəkildə bir yerdə oturmaq, çətin yeniliklərlə tanış olmaq və s. kimi vəzifələrə sahib olurlar. Siz valideyn olaraq uşaqlarınızı anlamağa çalışın. Bağçanın və evin sərbəst mühitindən, oyunlardan, evdəki ana-uşaq münasibətinin istiliyindən uzaqlaşmaq, anadan ayrılmaq, birdən-birə ağır dərs proqramları və s. kimi qaydalar 6 yaşlı uşağın işini çətinləşdirir".
Narınc Rüstəmova tövsiyə edir ki, uşaqları buna hazır olduğuna və hər şeyin əla olacağına, oxumağın onun üçün çox faydalı və gərəkli olduğuna inandırmaq lazımdır. Uşağı dərsdən kənar tədris tapşırıqları ilə yükləməyin, onu yormayın. Dərsini sərbəst yaza bilmədiyi üçün onu cəzalandırmayın, başa salmağa çalışın.
Bilik gününüz mübarək, əziz uşaqlar!