63
13:59
13 Sentyabr 2016

Kin saxlamaqdan yaxa qurtarmaq istəyirsinizsə....

Cavid Zeynallı:

Kin psixoloji travma halıdır. Bu hissi səbəb yox, nəticə hesab etmək olar. Yəni insanı kin-küdurətlə alışıb yanmağa məcbur edən iki amil var: paxıllıq və nifrət. İnsan bəzən səbəbsiz yerə kiməsə kin bəsləyir. İnsan daxilən rahat olanda kin-küdurət də olmur. Bəzən insanlar nəyəsə, kiməsə kin bəsləməyə fürsət axtarırlar. Din deyir ki, kin-küdurət saxlamaq müsəlmanın qəlbini puç edir, onun ibadətini Allah dərgahında qiymətdən salır. Düşünürəm ki, insan təfəkkürlüdürsə, düşünə bilirsə, düşmənçiliyə, kin-küdurətə meylli olmur. Uğur qazanan insanları iki cür insan tipi təqib edir: sevənlər və nifrət edib kin bəsləyənlər. Kin-küdurəti yaradan səbəb var . Məsələn, aşağılıq kompleksi, əldə edə bilmədiklərimiz, qisas ala bilmədiklərimiz, gizli işlərimizi bilənlər. “Qurani-Kərim”in “Maidə” surəsində deyilir ki, “Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin”.

Səbinə Bayramova - psixoloq:

Bir şəxsə və ya cəmiyyətə qarşı duyulan kin onların bağışlanmayacaq nələrsə etmiş olduğu hökmünə dayanır. Kin neqativ bir duyğudur. Biz kinli olarıqsa, içimizdəki neqativ duyğular digər münasibətlərimizə də öz mənfi təsirini göstərəcəkdir. Daxildə yaranan və kindən qaynaqlanan mənfi duyğular çox zaman elə bir həddə çatır ki, insan səbəbin, məsələnin məğzinin nədə, harda olduğunu xatırlaya bilməyəcək hala gəlib çıxır.

Statistikaya əsasən, kişilər həmcinsləri ilə qadınlara nisbətən belə məsələlərin, kin-küdurətin daha çox və daha tez öhdəsindən gəlməyə meyllidirlər.

İlqar Rəsul

Kin insanın individual psixoloji xüsusiyyəti sayılır. Mahiyyətində insanın ona vurulan zərəri, yetirilən xəsarəti və onda yaradılan incikliyi unutmamaq, bağışlamamaq dayanır.

Adətən qapalı insanlar kinli olurlar. Onlar incikliklərini öz işlərində saxlayırlar. Əgər insan ona edilən pisliyə qarşı öz fikrini açıq şəkildə ifadə etməyə tələsmirsə, o çox asanlıqla kinli adamlar kateqoriyasına aid edilə bilər.

Əgər vaxtında sizə qarşı ədalətsizliyə etirazınızı yaxud fikrinizi bildirsəniz, inciklik içinizdən çıxmağa yol axtaracaq və tapacaq, orada qalıb kinə çevrilməyəcək.

Kin insanın içində mənfi yükdür. Kin dərinliyə enirsə, yaxşı halda hipertonik krizisə, pis halda beyində şişə səbəb ola bilir.

Təsəvvür edirsiniz: kin saxladığınız adam xoşbəxtdir, sizsə yox. Çünki onun haqqında pis düşünürsünüz. Yəni bu sizə mane olur, ona yox. Kimdir axmaq, o, ya siz? Əlbəttə ki, siz.

Çünki o adam çoxdan hər şeyi unudub, öz kefindədir. Amma siz hələ də kin saxlayırsınız.

Bundan yaxa qurtarmaq, yəni ağıllı olmaq hər kəsin öz əlindədir. Yəni hadisəni ya unudursunuz, ya da kin bəslədiyiniz adamla danışıb məsələni aydınlaşdırırsınız. Nəticə hətta sizin xeyrinizə olmasa belə, xeyli yüngülləşəcəyiniz mütləqdir.

Tam olaraq APA .TV-də izləyin...