41
14:21
12 Sentyabr 2016

Türkiyədə PKK terroru nəticəsində 48 nəfər yaralanıb - YENİLƏNİB

Bu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda yaralılarla bağlı yeni rəqəm açıqlanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2-i polis olmaqla, 48 nəfərin yaralandığını açıqlayıb.

Van Polis İdarəsinin rəisi Suat Ekici bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb.

**

13:58

Türkiyədə partlayış törədilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə güclü partlayış baş verib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib.

Hələlik rəsmi açıqlama verilməsə də, partlayışın bomba yüklü avtomobilə törədildiyi ehtimal edilir. Partlayışdan sonra yanğın başlayıb. Partlayışın təsirindən yaxınlıqdakı binaların pəncərələrinin şüşələri sınıb.

İkinci partlayışın törədilə biləcəyi ehtimalı ilə əlaqədar bölgəyə gedən bütün yollar qapadılıb. Yaralıların olduğu barədə xəbərlər var. "Reuters" 11 nəfərin yaralandığı barədə xəbər yayıb.

Partlayışda 2-i polis olmaqla, 27 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Bu barədə Vanın polis rəisi açıqlama verib.

AKP-nin Van millət vəkili Burhan Kayatürk isə terrorçuların hədəfinin AKP binası və binanı qoruyan polislər olduğunu bildirib.

B. Kayatürk yaralıların durumunun ağır olmadığını da açıqlayıb.

Təhlükəsizlik qüvvələri partlayışı törədən PKK terrorçularının yaxalanması üçün əməliyyata başlayıb.