42
16:04
14 Sentyabr 2016

Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? - TƏFƏRRÜAT - YENİLƏNİB

3 gün əvvəl Bakıda gözətçinin ev sahibi tərəfindən güllələnməsi hadisəsinin maraqlı təfərrüatı üzə çıxıb. Lent.az -ın məlumatına görə, təqaüdçü olan Vidadi Quliyev Ləhiş bağlarındakı evində gözətçilik edən Elşad Kazımovla şəhərdəki kafelərdən birində yeyib-içib. Daha sonra evə gedən hər iki şəxs burada yolüstü aldıqları pivəni də içiblər. Bundan sonra isə hələlik dəqiqləşməmiş səbəblərdən E.Kazımov əsəbləşməyə başlayıb və onun hər kəsə hörmət etdiyini, hamının da ona hörmət göstərməli olduğunu deyib. E.Kazımov hörmətsizlik edən şəxslərin ünvanına ağır ifadələr işlədib. V.Quliyev özündən yaşca kiçik olan Elşadı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb və ondan konkret kimi söydüyünü soruşub. İçkinin təsiri altında olan E.Kazımov konkret olaraq V.Quliyevi söyüb və onu boğmağa başlayıb.

V.Quliyev E.Kazımovun əlindən çıxan kimi belindəki tapançanı çıxarıb və ona atəş açıb.

Bildirilir ki, öz evinin gözətçisini güllələyən V.Quliyev əvvəllər xüsusi təyinatlı idarələrdən birində vəzifədə olub.

Faktla bağlı araşdırma aparılır.

*****

12 sentyabr

Bakının Sabunçu rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.

Lent.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı Bakı şəhər sakini Vidadi Quliyev öz evində gözətçi kimi fəaliyyət göstərən Lənkəran şəhər sakini Elşad Kazımovu güllələyib.

İlkin məlumata görə hər iki şəxs sərxoş vəziyyətdə olub. Onlar bir-birini nalayiq ifadələrlə təhqir edib. Aralarında yaranmış mübahisə zamanı ev sahibi gözətçiyə, yəni E.Kazımova evində olan “Makarov” markalı tapança ilə atəş açıb.

Əl və qarın nahiyəsindən xəsarət alan E.Kazımov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan “Report”a verilən məlumata görə, E.Kazımov əməliyyat edilib. O, reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti kafidir.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Quliyev tutulub.

**

12:20

Bakıda silahlı insident olub.

Sabunçu Rayon Polis İdarəsindən APA -ya verilən məlumata görə, Bakı şəhər sakini Vidadi Quliyev Lənkəran rayon sakini Elşad Kazımovun Sabunçu rayonunun Ləhiş bağlar sahəsindəki kirayədə yaşadığı evinə girib odlu silahdan ona qarın və əl nahiyələrindən atəş açıb. E. Kazımov xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Quliyev tutulub.

Hadisə yerinə baxış zamanı, oradan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd güllə və 4 ədəd giliz aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.