38
17:41
11 Sentyabr 2016

Xəzərdə itkin düşən neftçinin adı açıqlandı

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus aşan qayıqda itkin düşən şəxsin kimliyi məlum olub. Lent.az verir ki, bu barədə aznews.az-a açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, itkin düşən neftçi Əliyev Musa Əhməd oğludur: “Abşeron Qazma İşləri İdarəsi SOCAR-ın tərkibinə daxil olan Kompleks Qazma İşləri idarəsinin tərkibindədir. Bizə verilən məlumata görə, onun cəsədi hələ tapılmayıb”.

M. Qəhrəmanlı qeyd edib ki, axtarışın hansı qurum tərəfindən aparıldığı açıqlanmayıb: “Ən pisi odur ki, ictimaiyyətə məlumat verilmir. Ölüm də, itkin düşmək də adiləşib. Bu saata kimi yeni məlumat yoxdur”.

Qeyd edək ki, Xəzər dənizində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus qayıq aşıb. Nəticədə qayıqda olan şəxslərdən biri dənizdə boğulub.