55
00:31
11 Sentyabr 2016

Leyla Əliyeva onkoloji xəstəliyi olan uşaqlara baş çəkdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında olub.

Heydər Əliyev Fondundan Lent.az -a verilən xəbərə görə, klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb.

Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Uşaq Klinikasında aparılan müalicələr barədə məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Uşaq Klinikasının gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlanıb və Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirib.

Leyla Əliyeva Uşaq Klinikasında müalicə olunan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib, tezliklə sağalmalarını arzulayıb, uşaqlarla şəkillər çəkdirib. Valideynlər burada yaradılan yüksək şəraitdən razılıqlarını bildirib, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıq ediblər.

Hazırda klinikada 38 uşaq müalicə alır. Onların sırasında intellektləri və istedadları ilə seçilən uşaqlar çoxdur.

Uşaqlar Azərbaycan haqqında, habelə vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər, musiqi nömrəsi təqdim ediblər, birgə şəkillər çəkdiriblər. Rəssamlıq istedadı olan uşaqlar əl işlərini Heydər Əliyev Fondunun vitse-prezidentinə hədiyyə ediblər.

Leyla Əliyeva, həmçinin klinikanın kollektivi ilə də söhbət edib, onlara işlərində uğurlar arzulayıb.