57
15:53
10 Sentyabr 2016

Qurbanınız qoyun olsun! - GƏNCƏNİN MAL BAZARINDA QİYMƏTLƏR

Müqəddəs Qurban bayramı ərəfəsində hər bir heyvan bazarında olduğu kimi Gəncənin yaxınlığında olan mal bazarında da aktivlik müşahidə olunur. APA TV-nin yerli bürosunun məlumatına görə, bura şənbə günləri əsasən xırda buynuzlu heyvanlar - qoyun və keçi satışa çıxarılsa da, bazar günləri iri buynuzlu heyvanların satışı üstünlük təşkil edir. Bayramqabağı isə bazarda canlanma hiss olunur. Satıcılar alverlərinin yaxşı getdiyini desələr də, bayram ərəfəsində heyvanların qiymətlərində artımın olduğunu gizlətmədilər.

"Qurban bayramı ilə əlaqədar qiymətlər qalxıb. Əvəllər ətin kilosu 6-7 manat idisədə indi 8-9 manata satılır. Alanla satan qiymətləşib razılaşırlar. Düzdür Qurban bayramında qiymət düşməlidir. Ət tərəziyə qoyulmamalıdır. Adi günlərdə hamı ət almır, amma qurban bayramında hamı alır. Ona görə də qiymət qalxır".

"Bizdə fermer təsərrüfatıdır. Xərci borcunu ödəmirdi. İndi şükür babat qiymətə gedir. Yəni, çobanların əmək haqlarını ödəyə bilirik. Bu il 15-16 kq-lıq qoyunu 120-130 manata satırıq".

Alıcıların əksəriyyəti qiymətlərdən hec də razı görünmürlər. Qiymətlərdən şikayətlənənlər bazarı gəzərək büdcələrinə uyğun qurbanlıq heyvan axtarırlar. Bu il qurbanlıq heyvanların qiymətində artımın olduğunu deyən alıcılar kifayət qədərdir.

"Bazar çox bahadır, çox, həddindən artıq. Qurban kəsməyə 150 manatdan aşağı heyvan yoxdur. Eləsi var 13 kq, eləsid ə var 15 kq. Demək olar ki, ətin kq-sı 10 manata gəlir".

"Məndən ötrü qiymətlər bahadır. Qiymətlər qurbanlığa görə artıb".

Satıcılarla alıcılar bir-birilərindən halallaşaraq ayrılırlar.

"Yaxşıdır, pis deyil qiymət. Özlərinin gətirdiyi heyvandır. Özlərindən ucuz almaq olur. Alverçidən isə baha alınır. Hardasa 15 kq olar. 130 manata aldıq".

Qiymətlər normaldır, hər heyvanın öz qiyməti var. Bu heyvanı 160 manata almışam. Bəli, qane edir qiymət. 20 kq-dan yuxarı əti var".

Şənbə günləri bazara daha çox Daşkəsən rayonundan heyvan gətirilir. Bazar və digər günlərdə isə Göygöl, Samux və digər rayonlardan da iri və xırda buynuzlu heyvanlar burada satışa çıxarılacaq. Bu günlərdə qiymətlərin müəyyən qədər aşağı düşəcəyi də ehtimal edilir.