64
11:19
14 Sentyabr 2016

Su quyusuna düşərək ölən şəxslərdən biri polis kapitanı olub - Bakıda

Keçən həftə Bakıda su quyusuna düşərək ölən şəxslərdən biri polis əməkdaşıdır.

Lent.az -ın Report-a istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda faciəli şəkildə dünyasını dəyişən 42 yaşlı Elşad İbrahimov polis kapitanı, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsində tağım komandiri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Xatırladaq ki, hadisə sentyabrın 8-də baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Sabunçu rayonunda dərinliyi təxminən 20 m olan su quyusuna 2 nəfərin düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoli Dmitriyeviçin meyitlərini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Dünən Bakıda iki nəfərin ölümünə səbəb olan hadisənin təfərrüatları məlum olub. Lent.az -ın məlumatına görə, bədbəxt hadisə Sabunçu rayon sakini 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun həyətində baş verib. Belə ki, E.İbrahimovun həyətində elektriklə işləyən aparatla su quyusu qazan qonşusu 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviç təxminən 20 metr dərinlikdə olarkən huşunu itirib. Bunu görən E.İbrahimov dərhal quyuya enib və qonşusunu xilas etməyə çalışıb. Lakin o da dərinlikdə huşunu itirib. Bunu görən yaxınları quyuya düşməyin riskli olduğunu görüblər və xilasediciləri çağırıblar.

İlkin araşdırma zamanı məlum olub ki, hər iki şəxsin ölümünə quyu qazılarkən onun dibinə qoyulmuş elektrik generatorunun buraxdığı qaz səbəb olub.

Araşdırmalar davam etdirilir.

*****

8 sentyabr

Bakıda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dərinliyi təxminən 20 m olan su quyusuna düşməsi və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1974-cü il təvəllüdlü İbrahimov Elşad Arif oğlunun və 1961-ci il təvəllüdlü Doktorov Anatoliy Dmitriyeviçin cəsədlərini su quyusundan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 14:33-də başa çatıb.