38
13:28
08 Sentyabr 2016

Sergey Lavrov həmsədrlərlə görüşdü - YENİLƏNİB

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryunu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Rusiya XİN-dən APA -nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktual məsələlər, mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqa əldə olunmuş razılaşmaların reallaşdırılması vəziyyəti, habelə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki hazırkı vəziyyət müzakirə olunub.

***

saat 12.20

Moskva. Fərid Əkbərov - APA . Rusiya Xarici İşlər Nazirliyində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr başlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, məsləhətləşmələrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edir. Mediaya qapalı olan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aktual məsələlərin müzakirə olunacağı, prezidentlərin mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişatına xüsusi diqqət yetiriləcəyi bildirilib.

Rusiya XİN-dən APA -nın Moskva müxbirinə verilən məlumata görə, həmsədrlərin bu görüşü hər il mütəmadi olaraq Vaşinqton, Paris və Moskvada keçirilən məsləhətləşmələrdən biridir. Görüşün əsas məqsədi üç həmsədr ölkənin Qarabağ nizamlanması ilə bağlı səylərinin koordinasiyasıdır.