66
12:14
08 Sentyabr 2016

Bakıda Şahmat avtobusu - REPORTAJ

"Salam. Şahmat oynaya bilirsiniz?" Avqustun 19-dan etibarən "28 May" metro stansiyasının yaxınlığında gənc könüllülər küçədən keçən sakinlərə bu sualla müraciət edirlər. “Yox” deyənlər yoluna davam edirlər, “hə” deyənlər isə ikimərtəbəli avtobusa daxil olurlar.
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası çərçivəsində paytaxt sakinlərinin şahmata marağını artırmaq üçün maraqlı bir addım atılıb. Belə ki, onlar şəhərin bir neçə istiqamətinə hərəkət edən avtobusa minərək şahmat oynamaq şansı əldə edirlər.
5 könüllü həvəskarlara avtobus barədə məlumat verir. Marağı və zamanı olanlar ikinci mərtəbədə qurulmuş masalarda əyləşir və mübarizə aparırlar. Avtobusda 16 nəfərin şahmat oynaması üçün şərait var. 8 şahmat taxtası qurulub. Zamanı tənzimləyən xüsusi saat da var. Bir sözlə, oyunçular üçün hər cür şərait yaradılıb.
Avtobus böyüklü-kiçikli hər kəsin marağını cəlb edir. Uşaqlar, gənclər, böyüklər şahmat oynamaq imkanından həvəslə istifadə edirlər. Onlar arasında avtobusa ilk dəfə minənlər də var, bir neçə dəfə gələnlər də.
- Uşağın böyük marağı var. Dedi ki, gedək şahmat oynayım. Biz də gəldik. Çox əladır bu cür şəraitin qurulması, təşkil olunması. Burada əziyyət çəkənlərə təşəkkür edirik. Uşaqlarda həvəs yaranır. Evdə oynamaq başqa, yad adamlarla oynamaq, cəmiyyətdə olmaq başqadır. Yenidən gəlmək istəyir babası ilə.
- Televizorda gördüm. Anama dedim, gətirdi. Sabah da gələcəm.
- 5 yaşımdan şahmat oynayıram. 2-ci dərəcəm var. Dərslərlə əlaqədar irəliləmədim. Evdə mütəmadi məşğul oluram, internetdə oynayıram. Bu möhtəşəm oyundur. Fikirləşməli oyundur. Mənim fikrimcə, hamı oynamalıdır. İntellektual oyundur. Balacadan böyüyə hamının oynaması gərəkən bir oyundur.
- Valideynlərim mənə məsləhət görüblər. Şahmatda hər şey xoşuma gəlir. Oynamağı, udmağı xoşlayıram. Oyun hələ bitməyib. Məncə, udaram.
- 6 yaşımdan şahmatla məşğulam. Xoşuma gəlir, maraqlıdır. Uduzanda səhvlərimi başa düşürəm. Elə olur uduram, elə olur uduzuram. Atla, fillə gedişdən xoşum gəlir. Yarışlarda mat elədiyim olub. Hələ ki, 4-cü dərəcəm var.
Şahmat həvəskarları arasında son dayanacağa qədər gedən də var, bir-iki oyun oynayıb düşən də. Dayanacaq demişkən, şahmat avtobusu şəhərin 4 müxtəlif yerində dayanır. "28 May" metro stansiyasından başlanan turun növbəti dayanacağı Qız Qalasıdır.
Avtobus xüsusi marşrut üzrə hərəkət edib, 4 dayanacaqda dayanır. Hər dayanacaqda könüllülər paytaxt sakinlərini avtobusda şahmat oynamağa dəvət edirlər.
Qız Qalasından sonra istiqamət Sabir bağına doğrudur. Son dayanacaq isə Azadlıq meydanıdır. Şahmat avtobusu saat 16.00-21.00 arası pulsuz fəaliyyət göstərir.
Şahmat həvəskarları, əgər siz hələ də bu imkandan yararlana bilməmisinizsə, sentyabrın 13-ə qədər vaxtınız var. Fürsətdən istifadə etməyə tələsin!