52
11:46
07 Sentyabr 2016

Azərbaycanda 100-dən artıq şəxs böyrək köçürülməsi üçün növbə gözləyir

Bu günə qədər Azərbaycanda 732 nəfərə böyrək köçürülüb.

Lent.az -ın məlumatına görə, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov jurnalistlərə açıqlamasında deyib. Ş. Nəsirov deyib ki, xəstəxanada il ərzində 1200-ə qədər cərrahiyə əməliyyatları icra olunur: "Uşaq uroloji şöbəsi üzrə isə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyata məruz qalır".

Şöbə müdirinin sözlərinə görə, klinikada uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.) , aşağı və yuxarı sidik yollarının əməliyyatları da icra olunur. Böyrəkköçürmə sahəsində son 3 ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparıldıǧını deyən Ş.Nəsirov bildirib ki , hazırda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə gözləyir.

Ş. Nəsirov qeyd edib ki, böyrək köçürülməsi əməliyyatlarının müvəffəqiyyət göstəricisi dünya üzrə 95-97 faizdirsə, Azərbaycanda bu göstərici 92-95 faizdir: "Son beş il ərzində əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb".

Şöbə müdiri bildirib ki, klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3680-dən artıq dializ seansı aparılır. Böyrək xəstəliyinin cavanlaşması faktına toxunan Ş. Nəsirov deyib ki, bu, xəstəliklə anadan olan uşaqların müasir tibbi qayğı ilə uzun müddət yaşaması hesabına baş verir. Hansı ki, bu uşaqlar əvvəllər anadan olan kimi ölürdülər. Digər tərəfdən isə müasir diaqnostik imkanlar inkişaf etdiyindən cavan yaşda aşkar oluna bilməyən böyrək xəstəlikləri indi aşkarlanır.