39
13:41
05 Sentyabr 2016

42-ci Şahmat Olimpiadası: Azərbaycan dünyanın intellektual mərkəzi rolunda

“Şahmat insanı saflaşdıran və kamilləşdirən idman növüdür”

Ümummilli lider Heydər Əliyev

Azərbaycanda şahmatın intellektual idman növü kimi tarixi qədim zamanlara gedib çıxır. Ölkəmizdə şahmat böyük inkişaf yolu keçmişdir. Xaqani Şirvani (XI əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahi mütəfəkkirlərimiz öz əsərlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynamış və “Qafqaz səfəri” əsərində onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundov oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Qədim Orta Asiyada peşəkar oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsi hesab olunur.

1926-cı ildə şahmat üzrə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilirdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında şahmata olan diqqəti ilə seçilən bir respublika idi. Hələ o dövrdə 60-a yaxın uşaq-gənclər şahmat məktəbi tikilib istifadəyə verilmişdi. Ulu Öndərin məqsədyönlü fəaliyyəti çox keçmədi ki özünü biruzə verdi. 1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, İslam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını həmyerlimiz Aynur Sofiyeva qazandı. 1991-ci ildən sonra Müstəqil Azərbaycan şahmatının tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı şahmatçımız Qədir Hüseynov gətirmişdir. 1994-cü ildə o, 8 yaşındaykən Rumıniyada keçirilən Avropa çempionatında birinci yeri tutduqdan sonra dünyanın ən gənc FİDE ustası kimi “Ginnesin Rekordlar kitabı”na düşmüşdür.

1993-cü ildən etibarən şahmatın inkişafı müstəqil dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Demək olar ki, indi Respublikamızın hər bir şəhərində müasir şahmat evləri, məktəbləri vardır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. Bütün bu dəstək və qayğı hədər getməmişdir. Bu gün Azərbaycan dünyada öz güclü şahmatçıları ilə də tanınır. Şahmatın inkişafı ölkəmizin ümumi intellektual potensialını əks etdirir. Kişilərdən ibarət Azərbaycan millisi iki dəfə Avropanın ən güclüsü statusunu qazanıb (2009; 2013). Beynəlxalq Şahmat Federasiyasının (FİDE) siyahısında Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və mərhum Vüqar Həşimov dünyanın ən güclü 20 şahmatçısı sırasında yer almışlar. Eyni zamanda qadın şahmatçılarımız Zeynəb Məmmədyarova, Nərmin Kazımova, Türkan Məmmədyarova, Gülnar Məmmədova və başqaları ölkəmizin idman şərəfini ucaltmaqdadırlar.

2002-ci ildə şahmat üzrə Avropa çempionatı, 2003-cü ildə Naxçıvanda gənclər arasında dünya çempioantı, 2008-ci ildə Bakıda FİDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turniri, mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 2014-cü ildən etibarən ənənəvi olaraq təşkil olunan və dünyanın ən güclü şahmatçılarını bir araya toplayan "ShamkirChess” superturniri , şahmat üzrə 2015-ci il Dünya kuboku və bu il Şahmat olimpiadasının Azərbaycanda keçirilməsi Beynəlxalq Şahmat Federasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir.

Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub. Qeyd edək ki, Bakının ev sahibliyi etdiyi 42-ci Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarışdır. Dünyanın ən parlaq zəkaları Odlar yurdunda toplaşaraq öz gücünü, məntiqini sınayacaq.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov sentyabrın 3-də təşkil etdiyi mətbuat konfransında Azərbaycanın bu etimadı artıqlaması ilə doğrultduğunu ifadə etmişdir. O qeyd etmişdir ki, bu, FIDE-nin tarixində ən yaddaqalan olimpiadalardan biri, bəlkə də birincisidir.

Sonda isə komandamıza uğurlar arzulayır, hər zaman olduğu kimi Azərbaycanın bayrağını, şöhrətini yüksəklərə qaldırmalarını diləyirik! Zəkanız açıq olsun!

Nailə Məmmədova

“Azerbaijan Realities”