36
16:21
01 Sentyabr 2016

Bu il Azərbaycanda 50 min hektar ərazidə pambıq əkilib

Respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, 2016-cı il pambıq əkini mövsümü üçün əkin sahəsi olaraq 50 min hektar hədəf götürülüb. APA TV-nin məlumatına görə, kənd təsərrüfatı sahələrinin inkişafına kömək məqsədilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə işçi qrup yaradılıb, proses daima koordinasiya edilib. Aidiyyəti nazirlik və dövlət təşkilatları, rayon icra hakimiyyətləri, pambıqçı şirkət və fermerlərin birgə səyi nəticəsində 50 min hektardan artıq sahədə səpin aparılıb və yüksək çıxış alınıb. Cənab Prezidentin pambıqçılara göstərdiyi qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, "Aqrolizinq ASC" vasitəsilə gətirilən texnikaların (traktor, kombayn, müxtəlif qoşqular, toxumsəpən, gübrəsəpən, dərmançiləyən, tandem disk, lafetlər və s.) güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsi ilə nəticələnir. "Aqrolizinq ASC" tərəfindən təchizatı nəzərdə tutulan müasir suvarma sistemlərinə də güzəşt tətbiq edilməsi nəzərdə tutulur.
Avqustun 30-da pambığın yığıma hazırlıq vəziyyəti ilə tanış olmaq üçün işçi qrup Saatlı rayonuna səfər edib. İşçi qrupun rəhbəri, Prezident Administrasiyasının İqtisadi İslahatlar üzrə Köməkçisinin xidmətinin aqrar və sənaye məsələləri üzrə şöbə müdiri Azər Əmiraslanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və "MKT İstehsalat Kommersiya" MMC-nin rəhbəri Bəhruz Camalov fermerlərlə görüşüb, bir neçə pambıqçı fermerin sahələrinə baxış keçiriblər. "MKT İstehsalat Kommersiya" MMC-nin müqavilə bağladığı sahəyə baxış zamanı 40 sentner məhsul gözləntisi müşahidə olunub ki, bu da çox böyük göstəricidir.
2016-cı il mövsümündə Saatlı rayonunda 8 min hektardan artıq sahədə pambıq əkilib. Onun da 3 min 500 hektarı "MKT İstehsalat Kommersiya" MMC tərəfindən əkilib.
Hazırda pivot-müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı yeni layihələr üzərində işlər aparılır. Pivot sistemlərinin tətbiqi sudan istifadəyə qənaət etməklə yanaşı məhsuldarlığın artmasına səbəb olur. Hazırda əkilməyən sahələrin əkinə yararlı vəziyyətə gətirilməsi prioritet vəzifələrdəndir.
Qeyd edək ki, "MKT İstehsalat Kommersiya" MMC pivot suvarma sistemlərinin tətbiqində böyük təcrübəyə malikdir. Hazırda ölkə üzrə əkilmiş pambığın 5921 hektarı pivot suvarma sistemi tətbiq etməklə əkilib ki, onun da 4521 hektarı "MKT İstehsalat Kommersiya" MMC-nin payına düşür.