105
14:58
31 Avqust 2016

Oqtay Zülfüqarov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovla vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, Təzəpir məscidində keçirilən vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.

Vida mərasimində çıxış edən Əbülfəz Qarayev Oqtay Zülfüqarovun Azərbaycan musiqisi və bəstəkarlığının inkişafındakı xidmətləri haqda danışıb. Nazir bildirib ki, Azərbaycan musiqisinin inkişafında onun xüsusi yeri var: “Onun oğlu da bəstəkardır. Bu ənənə davam edir. Oqtay Zülfüqarovun uşaqlar üçün yazdığı mahnılar bu gün də səsləndirilir. Oqtay Zülfüqarovun musiqisi yaşayır, bundan sonra da yaşayacaq”.

Vida mərasiminin ardından bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

***

10:31

Xalq artisti, bir çox tanınmış uşaq mahnılarının bəstəkarı Oqtay Zülfüqarov bu gün səhər saatlarında dünyasını dəyişib. Bu barədə Lent.az -a bəstəkarın oğlu Cahangir Zülfüqarov məlumat verib.

Tanınmış bəstəkar yarım saat əvvəl ürək-böyrək çatışmazlığından 87 yaşında dünyasını dəyişib. O. Zülfüqarov 7 ildir böyrək çatışmazlığından əziyyət çəkirmiş. O, uzun müddət bu xəstəlikdən müalicə edilib.

Xalq artisti ilə vida mərasimi saat 13:00-da Təzə Pir məscidində olacaq. O, ikinci Fəxri Xiyabanda dəfn ediləcək.

Xatırladaq ki, Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. Musiqi Məktəbinin violoncel sinfini, A. Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violoncel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub. O, uşaqlar üçün yazılan ‘‘Qız-ulduz‘‘, ‘‘Pişik və Sərçə‘‘ və ‘‘Meşə nağılı‘‘ operalarını da yazdı. ‘‘Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir. 2010-2012 illərdə O.Zülfüqarov ‘‘Məlik Məmməd‘‘ nağılı əsasında uşaqlar üçün ‘‘Sehrli alma‘‘ iki hissəli balet, eyni zamanda musiqi dərslikləri yazıb. Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlayıb. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazıb və onlar ‘‘Oxuyur Aysel‘‘ adlı topluda işıq üzü görüb. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilib. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.

Allah rəhmət eləsin!