41
17:15
30 İyul 2016

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

Bu gün Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2016-cı ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələri və sosial yönümlü proqramlar uğurla həyata keçirilib, vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, bütövlükdə Azərbaycanın və hər bir regionun hərtərəfli inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasəti öz müsbət nəticələrini verib: “Əldə edilən nailiyyətlərin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir məzmunlu daxili və xarici siyasət tədbirləri təşkil edib”.

Müşavirədə qeyd olunub ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli və genişmiqyaslı tədbirlərə ev sahibliyi etməsi ölkəmizdə həyata keçirilən sürətli sosial-iqtisadi inkişafın, vətəndaşların sosial rifahının ilbəil daha da yaxşılaşmasının, beynəlxalq standartlara uyğun müasir dövlətin və vətəndaş cəmiyyətinin qurulması zəminində reallaşdırılan, beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasına və möhkəmlənməsinə nail olmağa yönəlmiş xarici siyasətin nəticəsində mümkün olub. Bildirilib ki, ölkənin hüquq mühafizə orqanları Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə respublikanın müxtəlif yerlərində keçirilmiş beynəlxalq tədbirlərdə, o cümlədən müasir standartlara cavab verən böyük təşkilatçılıq səviyyəsində baş tutmuş “Formula - 1 Avropa Qran-Pri” yarışlarında ictimai asayiş və təhlükəsizliyi yüksək səviyyədə qoruyub.

Hesabat dövründə Azərbaycan Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuş, prokurorluq orqanlarında hərtərəfli islahatlar prosesi yeni müstəvidə davam etdirilmiş, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Müşavirədə hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 95 şəxs barəsində 39 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılıaraq məhkəmələrə göndərilməsi xüsusi vurğulanıb.

Hesabat dövründə də kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 100 ştat vahidi üzrə prokurorluğa işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi barədə Baş Prokurorluğun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verən Baş prokurorZakir Qaralov, 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 58 faizini təşkil edən 656 gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

Müşavirədə 2016-cı ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib. Müzakirələrdə çıxış edən Baş prokurorun müavini, Müsabiqə Komissiyasının sədri Namiq Əsgərov hesabat dövründə prokurorluq orqanlarına müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar dövlət başçısı tərəfindən imzalanmış normativ-hüquqi aktlardan irəli gələn vəzifələr barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarını bir daha xatırladaraq, dövlət başçısının bu tələblərinin yüksək səviyyədə icrasına nail olmaq üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarına və bütün tabe prokurorluqlara, ilk növbədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu neqativ təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində bundan sonra da sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin görülməsi barədə göstərişlər verib. Eyni zamanda xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzərində qurulmasının, müasir texnologiyaların tətbiqinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Əməliyyat müşavirəsində inam ifadə olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanları bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.