62
12:04
30 İyul 2016

Dağlarda amansız qətliam: Ballıqaya soyqırımını unutmayaq



Ermənilərin azərbaycanlılara qarşı iki əsrdir düşünülmüş şəkildə genişmiqyaslı soyqırım siyasəti barədə çox deyilib, yazılıb. Bu yazıda həmin siyasətin bariz nümunəsi olan bir hadisə barədə söz açacağıq.

***

...1992-ci il mayın 18-dən sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən ərazisi işğal edilmiş Laçın rayonundan olan məcburi köçkünlər Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümbət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun ailələri Xanlar rayonunun (indiki Göygöl rayonu) ərazisində, Murovdağın ətəklərində, Sarıqaya deyilən ərazidə doğma yurda — Laçına dönmək ümidi ilə müvəqqəti məskunlaşdılar.

Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri isə Xızı rayonunun Fındığan kəndində məcburi köçkün kimi məskunlaşdı.

Ailələrin məskunlaşdıqları ərazilərin heyvandarlıq üçün əlverişsiz olması səbəbindən yeni yurd yeri lazım idi. Yaxın qohumluq əlaqələri olan bu ailələrin başbilənləri bir yerə toplaşıb məsləhətləşmələr apardılar. Son nəticə olaraq Goranboy rayonunun Ballıqaya kəndinin ərazisində - Gülüstan meşəsi yaxınlığındakı otlaq sahələrində məskunlaşmağı qərara aldılar.

Beləliklə, 1992-ci ilin avqust ayının son günlərində məcburi köçkünlük həyatı yaşayan 10 ailə heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədi ilə həmin ərazidə alaçıqlarda müvəqqəti məskunlaşdılar.

Ərazidə məskunlaşan ailələrdən olan qadınlar su gətirmək üçün səhəng götürüb bulağa gedirlər. Bulaq başında olan zaman onlar hiss edirlər ki, sanki kimsə onları güdür. Geri dönən zaman bu barədə evdəkilərə məlumat verilir və buradan geri dönmələrini ailə başçılarından xahiş edirlər. Lakin heç kəs bu məsələyə inanmır. Qadınlara izah edirlər ki, hissləriniz sizi aldadır. Beləcə, bir gün ötür...

28 avqust 1992-ci il tarixdə səhər saat 5 radələrində Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqlarda yuxulayan dinc sakinləri iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Alaçıqlar meyitlərlə birgə tamamilə yandırıldı.

Dinc sakinlərdən 24 nəfər şəhid oldu, 5 nəfər ağır yaralandı, 4 nəfər yüngül xəsarətlər aldı.


Törədilmiş soyqırımda Abdullayev Abdulla Bədəl oğlu, Abdullayev Fərman Abdulla oğlu, Abdullayeva Səadət Abdulla qızı, Alməmmədova Kəmalə Şəmil qızı, Alməmmədova Minarə Əbülqasım qızı, Alməmmədova Zeynəb Şəmil qızı, Hümbətov Bəxtiyar Vəzir oğlu, Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar Vəzir qızı, Hümbətova Hürzaman Qara qızı, Mehdiyev Fikrət Hümbət oğlu, Mehdiyev Hümbət Əbülqasım oğlu, Mehdiyev Mehdi Hümbət oğlu, Mehdiyev Rəhbər Məhəmməd oğlu, Mehdiyeva Ayna Hümbət qızı, Mehdiyeva Bəyim Aydın qızı, Mehdiyeva Gülayə Əli qızı, Məhərrəmova Qənirə İbrahimxəlil qızı, Kəlbalıyeva Nübar Muradxan qızı, Mehdiyeva Suraya Məhəmməd qızı, Vəliyeva Zeynəb Hüseyn qızı şəhid oldular.

Qeyd edək ki, soyqırım qurbanlarından ən kiçiyi 6 aylıq körpəydi, ən yaşlısının isə 93 yaşı var idi. Meyitlərin bir çoxu tamamilə yanaraq tanınmaz hala düşmüşdür. Şəhid olanlar Azərbaycan Respublikasının müxtəlif bölgələrində, Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Qaradəmirçi kəndində, Bərdə rayonunun Alpout kənd inzibati ərazi vahidində yerləşən Tumaslı kəndində, Bərdə rayonunun inzibati ərazi vahidində yerləşən Nazırlı kəndində, Ağdam rayonunun inzibati ərazi vahidində yerləşən Güllücə kəndində dəfn olundular.

Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan erməni faşistləri heç kəsin sağ qalmadığını zənn etsələr də, təsadüf nəticəsində ailə üzvlərindən Məhərrəmov Yaqub Cəmil oğlu, Abdullayeva Züleyxa İbrahimxəlil qızı, Alməmmədova Şəhla Məhəmməd qızı, Mehdiyeva Lamiyə Rəhbər qızı, Mehdiyeva Elxan Rəhbər oğlu, Mehdiyeva Məhəmməd Rəhbər oğlu, Məhərrəmov Xoşbəxt Kamil qızı, Muradova Xuraman Məhəmməd qızı ölümün cəngindən xilas oldular. Onlar ağır və yüngül olmaqla müxtəlif dərəcədə zədələr almışdılar.

Hadisə nəticəsində yaralanmış 3 azyaşlı uşaq hər iki valideynini itirmişd.

Erməni faşistlərin törətdiyi qətliamın çox dəhşətli miqyasda olmasına baxmayaraq, sonrakı illərdə bu barədə nə yerli, nə də xarici mediada ətraflı məlumat verilmədi.

Ermənilər tərəfindən törədilmiş bu soyqırım hadisəsinə aid açılmış cinayət işinin materialları və faktlar Azərbaycan Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyində qorunub saxlanılmaqdadır. Muzeydə hadisədən sonra çəkilmiş bir neçə şəkildən düzəldilmiş kollaj və çox qısa bir məlumat yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonunun Nağdalı kənd klubuna Mehdiyev Rəhbər Məhəmməd oğlunun adı verilmişdir.

Yalnız xeyli müddət sonra, 2013-cü ildə Laçın Yurdu №2(9) jurnalının çapdan çıxmış "Şəhidlərimiz and yerimiz" adlı xüsusi buraxılışında və 2016-cı ildə Laçın Yurdu №1(19) jurnalında bu soyqırımı haqqında azda olsa məlumat verildi və bu materiallar əsasında dəyərli ziyalımız Araz Yaquboğlu tərəfindən Azərbaycanca Vikipediyaya məlumat yerləşdirildi. Bu istiqamətdə işləri davam etdiririk.

Bir daha Ballıqayada baş vermiş soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyirik.

Sultan Hümbətov